Polis qadını zorlayaraq qətlə yetirənləri güllələyib

Hindistanın cənubunda polis 27 yaşlı bir baytar həkimi zorladıqdan sonra qətlə yetirməkdə günahlandırılan dörd nəfəri güllələyərək öldürüb.

Cümə günü polis şübhəliləri cinayətin törədildiyi yerə apararkən, onlar qaçmağa çalışıb.

Cinayətkarların dördü də polislə qarşıdurma zamanı öldürülüb.

“Onlar mühafizəçilərdən silahlarını almağa çalışarkən öldürüldü” - deyə, polis idarəsinin rəis müavavini Pariş Reddi Fransanın AFP xəbər agentliyinə bildirib.

Təcavüzə məruz qalaraq öldürülən baytarın atası bunları deyib “Qızımın qətlindən 10 gün keçir. Buna görə polisə və hökumətə təşəkkürümü bildirirəm. İndi qızımın ruhu şad olmalıdır.”

Yüzlərlə insan cümə günü cinayətkarların ölümünü bayram etmək üçün onların öldürüldüyü yerə toplaşaraq, polisə çiçəklər atmaqla alqışlayıb.

Telanqana əyalətindəki Heydərabad şəhərində qadına qarşı bir dəstənin təcavüzü Hindistan boyu etirazlar və qəzəblərə səbəb olmuşdu.