Hindistanda son 24 saat ərzində COVID-ə 81466 yoluxma halı qeydə alınıb

Hindistanın Səhiyyə Nazirliyi cümə günü son 24 saat ərzində COVID-ə 81466 yeni yoluxma halının qeydə alındığını bildirib. Bu rəqəm Cənubi Asiya ölkəsinin son altı ayda ən yüksək gündəlik göstəricisidir. Yoluxma hallarının demək olar ki yarısından çoxu - 43183 nəfəri ölkənin qərbindəki Maharaştra ştatında qeydə alınıb.

Hindistanda indiyə qədər COVID-ə yoluxanların sayı 12.3 milyona çatıb. Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, indiyə qədər ABŞ 30,5 milyon, Braziliyada isə 12,8 milyondan çox yoluxma halı olub. Mərkəz dünya boyu koronavirusa 129,6 milyondan çox insanın yoluxduğunu bildirib.

Braziliyanın ən böyük şəhərlərindən birində qəbirqazanlar koronavirusdan ölənləri basdırmaq üçün köhnə qəbirlərdən cəsədləri çıxarmağa məcbur olub. Qoruyucu paltarlar geyinmiş qəbirqazanlar getdikcə artan cəsədlərə yer tapmaq üçün Sao Pol şəhərinin Vila Nova Katerina qəbiristanlığında səylə çalışır.

ABŞ-ın Dərman və Ərzaq Administrasiyası cümə axşamı günü Moderna vaksin istehsalçısına COVİD vaksininin əvvəlcə 10 doza yerləşdirilən flakonlarına15 doza yerləşdirilməsinə icazə veriləcəyini bildirib.

“15 dozalı flakonlar yaxın həftələrdə göndərilməyə başlayacaq” - deyə, Moderna şirkətinin veb səhifəsində bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yeni dalğası və yeni, daha yoluxucu variantları qarşısında Avropanın COVID-19 peyvənd səylərinin "qəbuledilməz dərəcədə yavaş" olduğunu deyib.

ÜST-ün Avropa üzrə direktoru, doktor Hans Kluqe cümə axşamı qitə liderlərini “istehsalın sürətləndirilməsinə, peyvəndlərin tətbiq edilməsindəki maneələrin azaldılmasına və əldə edilən hər flakondan istifadə edərək, prosesi sürətləndirməyə” çağırıb.

Avropada yeni infeksiyaların sayı cəmi beş həftə əvvəl 1 milyondan aşağı idi. Lakin Ümumdünya Səhiyyə Təşkilatı o vaxtdan bəri 24000 ölüm halı olmaqla, yoluxanların sayının 1,6 milyona yüksəldiyini bildirib.

Doktor Kluqe Avropada insanların 10%-ə qədərinin bir doza, yalnız 4%-nin peyvəndi tam aldığını deyib.