Türkiyədə son durum-gərginliklər, narahatlıqlar

Your browser doesn’t support HTML5

Türkiyədə PKK tərəfindən törədilən terror hücumlarının ardınca ölkənin bir çox bölgələrində nümayişlərin keçirilməsindən sonra vəziyyət gərgin olaraq qalır. Beynəlxalq ictimaiyyət terroru qınayib, Türkiyənin siyasi partiyaları isə vətəndaşları təmkinə çağirib. Lakin ölkədə etnik zəmində gərginliyin arta biləcəyi ilə bağli narahatlıqlar mövcuddur. Bütün bunlar noyabrın 1-i Türkiyədə ümumi seçkilərə hazırlıqların getdiyi fonda baş verir. Amerikanın Səsinin Türk xidmətinin müxbiri Hilmi Hacaloğlu İstanbuldan Skype vasitəsilə “Amerika icmalı” proqramına müsahibədə Türkiyədə durumu şərh edib.

Türkiyədə iyun ayında parlament seçkilərindən sonra siyasi sabitliyin yaradılması səyləri qarşısında çətinlik oldğunu deyən Hilmi Hacaloğlu təhlükəsizliklə bağlı ciddi durumun yarandığını deyib. O, Türkiyə təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı mübarizə aparmaqla yanaşı, iyul ayında atəşkəsin pozulmasından sonra PKK-ya qarşı hərbi kampaniya başladığını və İraqla sərhəddə hava hücumları keçirdiyini qeyd edib. Onun sözlərinə görə, təhlükəsizliklə bağlı durumun ciddiləşməsi nəticəsində problemin hərbi yolla həllinə üstünlük verilməyə başladı. Hilmi Hacaloğlu son həftə PKK-nin Dağlıcada 16 əsgərin, onun ardınca isə İğdırda 12 polisin ölümü ilə nəticələnmiş hücumlarından sonra ölkədə durumun daha da ciddiləşdiyini qeyd edib: “Radikal, sağ milliyyətçi, mühafizəkar qruplar Türk bayraqları ilə küçələrə çıxdı, HDP mərkəzlərinə hücumlar etdi. Ankara, Antalya və bir sıra şəhərlərdə HDP-nin ofislərinə hücumlar edildi.”

Hilmi Hacaloğlu Cizrədə yaranmış vəziyyəti təsvir edib: “Şəhərdə qadağan saatı tətbiq edilib, kənardan şəhərə daxil olmaq qadağandır. Son üç gündə HDP millət vəkilləri, partiyanın sədri Səlahəddin Demirtaş başda olmaqla Cizrəyə daxil olmağa çalışır. Lakin təəssüf ki onların şəhərə yaxınlaşmasına izn verilmədi və onlar 30-40 kilometr piyada şəhərə getməli oldular və orada təhlükəsizlik qüvvələri onların qarşısını aldı.”

Onun sözlərinə görə, müxbirlərin və jurnalistlər bölgəyə buraxılmadığına görə Cizrədə durumla bağlı xəbərlərin əsasən kürd mənbələrindən alınır. Hilmi Hacaloğlu tanınmış kürd siyasətçi Leyla Zananın Türkiyədə hər iki tərəfə səslənərək, durum belə davam etsə “ölüm orucuna” başlayacağını elan etməsinə toxunub: “Siyasi analitiklər və hadisələri yaxından izləyən müşahidəçilər bildirir ki, Leyla Zana hökumətin ən çox dəyər verdiyi kürd siyasətçilərdən biridir və əgər onlar kiməsə qulaq asacaqlarsa, Leyla Zana doğru addır.”

Jurnalist ölkədə bugünkü durumun qarşıdan seçkilərə təsir göstərə biləcəyini deyib, o, eyni zamanda, medianın hadisələri işıqlandırmaq imkanlarının məhdudlaşdırıldığını qeyd edib. Hilmi Halacoğlu xüsusilə münaqişənin getdiyi bölgələrdə əldə edilmiş informasiyanın obyektivliyi baxımından media nümayəndələrinin ciddi problemlə qarşılaşdığını deyib.