Hillari Klintonun səfəri və Eynulla Fətullayev barədə hökmə reaksiyalar

Hillari Klintonun səfəri və Eynulla Fətullayev barədə hökmə reaksiyalar

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Eynulla Fətullayev barədə məhkəmə hökmünü Azərbaycanda azad medianı susdurmaq üçün növbəti cəhd kimi dəyərləndirib

ABŞ dövlət katibi Hillari Klintonun Polşa, Ukrayna və Cənubi Qafqaza səfəri kütləvi informasiya vasitələrində geniş reaksiyalar doğururb. Washington Post qəzetinin baş məqaləsində Klintonun səfəri münasibətlərin nizama salınması istiqamətində müsbət addım kimi dəyərləndirilir. Məqalədə qeyd olunur ki, səfər olunan ölkələrdən bir çoxu Rusiya ilə təmaslara xüsusi önəm verildiyi bir məqamda diqqətdən kənarda qalmalarından gileylənirdilər. Bu baxımdan Hillari Klintonun Gürcüstan prezidenti Mixail Saakaşvili ilə çiyin-çiyinə dayanaraq həmin ölkəyə ABŞ-ın möhkəm dəstəyini ifadə etməsi təqdirə layiq idi. Ötən il anti-raket sisteminin quraşdırılması planlaşdırılan Polşada planın ləğvindən sonra xanım Klintonun həmin ölkənin rəhbərliyi ilə strateji əməkdaşlığın sabit qaldığını deməsi də irəliyə doğru mühüm addım idi. Hətta Kremlə meylli yeni hökuməti olan Ukraynada da ABŞ-ın yüksək rütbəli diplomatı müttəfiqlərə pozitiv mesajlar göndərdi.

Yazıda daha sonra deyilir: “İnsafən, xanım Klinton avtoritar rejimli, neftlə zəngin Azərbaycanda da sivil cəmiyyətin mühümlüyü haqda dediklərinə sadiq qaldı. Burada o, sivil cəmiyyət nümayəndələri ilə görüşdü və həbs edilmiş blogerlərin məsələsini qaldırdı. Lakin mətbuat konfransında ölkənin insan haqları ilə bağlı göstəriciləri barədə suala cavabda o, yersiz olaraq İlham Əliyevi təqdir etdi. ‘Biz inanırıq ki, Azərbaycanda böyük irəliləyiş olub,’ deyə xanım Klinton bildirdi.”

“Amma azərbaycanlı jurnalistin ona xatırlatdığı kimi, insan haqları qruplarının Azərbaycan barədə qənaətləri bunun əksidir. Bu sözün dildən qaçırılması bəlkə də başa düşüləndir. Hər halda Klinton Amerikaya dost münasibət bəsləyən rejimin könlünü almaq üçün getmişdi. Lakin bu növ bəyanatlar həqiqətin hesabına verilməməlidir,” deyə baş məqalənin yekun cümləsində qeyd olunur.

Hillari Klintonun Azərbaycan səfərinin ardıcna isə insan haqları sahəsində növbəti geriləmə qeydə alınıb. Qaradağ rayon məhkəməsi yeni narkotika ittihamları əsasında əvvəllər terrorizm və başqa ittihamlarla səkkiz il yarım həbs cəzası çəkən sabiq qəzet redaktoru Eynulla Fətullayevi iki il yarım azadlıqdan məhrum edib. Avropa İnsan Haqları Məhkəməsi aprel ayında çıxardığı qərarda Azərbaycan hökumətindən Fətullayevi dərhal azad etməyi tələb etmiş və ona təzminat ödənməsini əmr etmişdi. Fətullayev özü bu ittihamları qurama adlandıraraq məhkəmə qərarının saxta və siyasi sifarişli olduğunu bəyan edib.

Eynulla Fətullayevə verilən yeni həbs cəzası beynəlxalq təşkilatların sərt reaksiyaları ilə qarşılanıb. Amnesty International bu ittihamların saxta olduğunu bildirərək məhkəmə qərarını pisləyib. “Azərbaycan rəsmiləri nümayiş etdirdi ki, onlar tənqidi səsləri susdurmaq üçün hər şey etməyə hazırdırlar,” deyə təşkilatın Avropa və Orta Asiya proqramı üzrə koordinator müavini Andrea Huber bildirib. “Eynulla Fətullayev dərhal azad edilməli və bu saxta ittihamlar aradan qaldırılmalıdır,” deyə o, əlavə edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də oxşar bəyanatla çıxış edib. O, məhkəmə qərarını Azərbaycanda azad medianı susdurmaq üçün növbəti cəhd kimi dəyərləndirib.

Nyu Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi də Eynulla Fətullayevin məhkum edilməsi ilə bağlı geniş açıqlama ilə çıxış edib. Təşkilat əvvəlki məhkəmə ittihamları kimi bu ittihamların da saxta olduğunu bəyan edib. Məhkəmədə son çıxışında Eynulla Fətullayev onun jurnalist fəaliyyətinin prezident İlham Əliyevi şəxsən qəzəbləndirdiyini deyərək məhbəsdən çıxdıqdan sonra daha da güclü qəzet buraxacağını vəd edib.