Hillari Klinton bazar günü prezidentliyə namizəd olacağını açıqlayacaq

ABŞ mediasının məlumatına görə, Hillari Klinton bazar günü 2016-cı ildə keçirilən prezident seçkiləri üçün namizədliyini irəli sürəcəyini açıqlayacaq.

Keçmiş dövlət katibi Demokrat Partiyasından namizəd olacağını sosial şəbəkədə yerləşdiriləcək video bəyanat vasitəsilə açıqlamağı planlaşdırır. Bu məlumatı mətbuat onun ailə üzvlərinin birindən əldə edib. Bundan sonra onun ilkin səsvermə məntəqələri olan Ayova və Nyu-Hempşirə gedəcəyi gözlənilir.

Bu, 2008-ci ildə prezident Barak Obamaya məğlub olan xanım Klintonun prezidentlik uğrunda ikinci cəhdi olacaq.

Bu dəfə Hillari Klinton Demokratların namizədliyini qazanmağa ən yaxın iddialı hesab olunur.

Son Gallup sorğusu göstərir ki, respondentlərin 48 faizi onun namizədliyinə isti yanaşır. 42 faiz isə sabiq birinci ledinin namizəd olmasını istəmir.

Prezident seçiləcəyi təqdirdə Hillari Klinton ABŞ-ın ilk qadın prezidenti olacaq.

Respublikaçılar tərəfdən isə senator Ted Kruz və Rand Pol namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Senator Marko Rubionun da mübarizəyə qoşulacağı gözlənilir. Namizədliyini irəli sürəcək respublikaçılar arasında Florida qubernatoru Ceb Buş və Viskonsin qubernatoru Skot Volkerin də adı hallanır.