Hillari Klinton:ABŞ Ukraynada siyasi məhbusların azadlığa buraxılması çağırışlarını davam etdirəcək

  • Amerikanın səsi

Hillari Klinton:ABŞ Ukraynada siyasi məhbusların azadlığa buraxılması çağırışlarını davam etdirəcək

ABŞ Ukraynada məhkəmə proseslərinin qanuna uyğun şəkildə keçirilməsi təzyiqlərini, sabiq baş nazir Yuliya Timoşenko və digər siyasi məhbusların azadlığa buraxılması çağırışlarını davam etdirəcək. Bunu ABŞ dövlət katibi Hillari Klintonunun Timoşenkoya ünvanladığı məktubda deyib. Məktub bu gün hazırda yeddi illik həbs cəzasını çəkən Yuliya Timoşenkonun saytında acıqlanıb. Hillari Klinton Timoşenkoya yazıb ki, Amerika onun işi ilə yaxından maraqlanır.

ABŞ Dövlət Departamenti məktubun yazıldığını təsdiq etsə də, məktubun məzmunu barədə məlumat verməyib.

Ukrayna prokuroroluğu Yuliya Timoşenkoya qarşı ona yaxın əlavə cinayət işi qaldırılacağını bəyan edib.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılığı əldə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Ona qarşı bir sıra digər ittihamlar da irəli sürülüb.

Məhkəmə prosesi Ukraynanın qoşulmağa can atdığı Avropa İttifaqı ilə münasibətlərinə mənfi təsir göstərib.