Hilal Məmmədovun atası bəyanatla çıxış edib

Hilal Məmmədov

O hesab edir ki, H.Məmmədova qarşı irəli sürülən uydurma ittihamların ideoloq və icraçıları Azərbaycan hökumətinə qarşı olan insanlardır.
İyunun 21-də narkotik maddə saxlama, sonradan isə vətənə xəyanət və casusluqda günahlandırılan “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun atası professor Əlif Məmmədov bəyanatla çıxış edib.
Ə.Məmmədov Hilal Məmmədova qarşı irəli sürülən ittihamları absurd hesab edir. “Mən Əlif Məmmədov 60 ildən artıq pedaqoji fəaliyyətim dövründə Azərbaycana və Azərbaycan xalqına sədaqətimi yetişdirdiyim on minlərlə vicdanlı, namuslu, savadlı müəllimlərlə sübut etmişəm. Yəqin ki, məni tanıyan bütün vicdanlı, namuslu insanların istisnasız olaraq hamısı halal zəhmətimlə böyüdüb tərbiyələndirdiyim övladımın vətən xaini və digər ittihamlarına çox absurd bir fikir kimi yanaşırlar. Hilal Məmmədov Azərbaycanı sevən, hələ gənc yaşlarından Avropanın və dünyanın aparıcı riyazi nəşrlərində məqalələri çap olunan bir alimdir. Riyaziyyatla yanaşı o, mənsub olduğu talış xalqının dili, tarixi, mədəniyyəti, etnoqrafiyası, folkloru ilə bağlı (AMEA-nın aparmalı olduğu) tədqiqatlar aparıb, məqalələr çap edib. Məhz onun bu fəaliyyəti də ictimai fikri azdırmaq məqsədi ilə ona qarşı vətənə xəyanət ittihamı kimi irəli sürülüb”.
Onun fikrincə, hər bir dövlətin xarici siyasətdə uğuru ölkənin daxilində görülən işlərdən çox asılıdır. “Mən İranda həbs olunan iki şairə qarşı irəli sürülən ittihamlarla və onların həbsi ilə qəti razı deyiləm. Öz günahsız vətəndaşına qarşı eyni uydurma ittihamlar irəli sürən dövlətin İranda həbs olunan şairlərin azadlığa buraxılması ilə bağlı müraciətlərinə beynəlxalq arenada reaksiya məncə arzuolunan səviyyədə olmaz. Allah köməkləri olsun!”, - Ə.Məmmədov hökumətin təzadlı baxıçına eyham vurub.
Professor hesab edir ki, H.Məmmədova qarşı irəli sürülən uydurma ittihamların ideoloq və icraçıları Azərbaycan hökumətinə qarşı olan insanlardır: “Əslində bu hərəkətləri ilə düşmən dəyirmanına su töküb, Azərbaycanın dövlətçiliyinə və Azərbaycan Konstitusiyasının qarantı olan prezidentə arxadan zərbə endiriblər. Bunlar öz təsdiqini sosial şəbəkələrdə və bir çox mətbuat orqanlarında bədxah qonşularımızın və bir sıra radikal qüvvələrin çıxışlarında tapır.
Deyilənləri nəzərə alaraq, Azərbaycan Konstitusiyasının qarantı cənab prezidentin oğlum Hilal Məmmədova qarşı olan haqsızlıqlara son qoyacağına, ədalətin bərqərar olacağına əmin olmaq istəyirəm”.
O, sonda oğlunun müdafiəsinə duran Azərbaycan xalqının hər bir övladına ayrı-ayrılıqda dərin minnətdarlıq bildirir.