Hidayət Sultanzadə İranda İslam Respublikası hakimiyyətinin davam etdiyi müddətcə türk dilində təhsil haqqı kimi hüquqların təmin olunmasının mümkün olmayacağını ifadə edir. Onun dediklərinə görə, dil hüquqları fəalları dil məsələsinin arxasında olan siyasi qüdrət mövzusuna diqqət yetirmirlər. Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) təşkilatının üzvü bunları Amerikanın Səsinə müsahibədə deyib.
Your browser doesn’t support HTML5
Hidayət Sultanzadə İranda baş qaldıran son kütləvi etirazlar zamanı Azərbaycan əhalisi və ümumiyyətlə türklərin zəif iştirakınının səbəblərini dəyərləndirib.
Misal üçün rejimin Təbrizə olan baxışı ilə İsfahana olan baxışı arasında fərq var. Çünki Təbriz ictimai hərəkatların mərkəzlərindən biridir.Hidayət Sultanzadə
O, Təbriz kimi şəhərlərdə təhlükəsizlik tədbirlərinin daha sərt şəkildə tətbiq edildiyinə diqqət çəkməklə bərabər, bəzi qüvvələrin də İran Azərbaycanında siyasi atmosferi zəhərləməyə çalışdığını irəli sürür.
“Təbrizə hər addımda təhlükəsizlik və hərbi qüvvələr yerləşdiriblər. Mənim xəbərim olduğu qədər orada həssas yerlər hərbi işğal altındadır. Belə bir vəziyyətdə küçəyə çıxmaq və etiraz etmək çox məhdud olur. Təbrizin gözlənildiyi kimi bu etirazlara qatılmamasında bu, önəmli bir faktor idi,” deyə Sultanzadə bildirir.
Onun dediklərinə görə, “İranın hər yerində etiraz edənlər bədəl ödəyir. Amma hakimiyyətin yoxsul təbəqələr və qadınlardan qorxduğu kimi milli hərəkatlardan da qorxusu vardır. Misal üçün rejimin Təbrizə olan baxışı ilə İsfahana olan baxışı arasında fərq var. Çünki Təbriz ictimai hərəkatların mərkəzlərindən biridir.”
Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) təşkilatının icra heyəti üzvünün fikrincə, bəzi qüvvələr Azərbaycandakı siyasi atmosferi zəhərləyərək əhalini başqa məsələlər ilə məşğul etməyə və hakimiyyətə qarşı etirazlara qatılmasını önləməyə çalışırlar.
Sultanzadə deyir ki, “İslam Respublikası dil məsələsi ilə oynayıb. Birilərini də onunla məşğul edib. Axı bir ölkədə bir dil üçün təhsil sistemi olmasa, dil qurumu olmasa, müəllim kadrı olmasa o dildə təhsil mümkün olarmı? Dildən danışanlar heç zaman buna diqqət yetirməyiblər ki, bir dilin təhsilinin arxasında siyasi qüvvə olmalıdır.”
Axı bir ölkədə bir dil üçün təhsil sistemi olmasa, dil qurumu olmasa, müəllim kadrı olmasa o dildə təhsil mümkün olarmı?Hidayət Sultanzadə
O, əlavə edir, “dil hüququnun təmin olunmasına kim mane olur? Məgər biz burada bir siyasi qüdrətin altında yaşamırıq? Təbii olaraq, o siyasi qüdrətdir ki qoymur sən öz dilində oxuyasan... Türk dilində yazıb-oxumaq məsələsini siyasi qüdrət məsələsindən ayırmaq olmaz...”
Keçən 10 il ərzində İranın təhlükəsizlik qurumu (Ettelaat) yüzlərlə türk dili haqları müdafiəçisini İran Azərbaycanı və Tehranda nəzarət altına alıb. Ümumiyyətlə Dünya Ana Dili Günü və ya məktəblərin açılışı ilə əlaqədar tutulan bu fəalların bir çoxu həftələrlə Ettelaat həbsxanalarında sorğu-suala çəkilib. Onların bir hissəsi inqilab məhkəmələrində “rejimə qarşı təbliğat”, “separatçılıq”, “pantürkist təbliğatı” və bu kimi ittihamlarla günahlandırılaraq ağır həbs hökmləri ilə qarşılaşıb.