Naxçıvanda AXCP fəalı saxlanıb

AXCP-nin bayrağı

AXCP Culfa rayon təşkilatının fəalı Hicran Qasımovun saxlanılmasının və ya həbsinin səbəbləri hələ də müəmmalı olaraq qalır. Fəal noyabrın 3-də polis tərəfindən saxlanaraq Naxçıvanın Culfa rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsinə, sonra isə Naxçıvan şəhərinə aparılıb. Naxçıvanda məhkəmə olub və Qasımov Böyük Düz Təcridxanasına yerləşdirilib. Hicran Qasımovun ailə üzvləri Amerikanın Səsinə bunları təxmin etdiklərinı və ya kluarlarda eşitdiklərini bildirib.

“Hicranın saxlanılmasının səbəbləri, onun nədə ittiham edildiyi barədə ailəsinə hər hansı məlumat verilmir. Noyabrın 7-də biz Naxçıvan Daxili İşlər Nazirliyində olduq və Hicranla bağlı məlumat verilməsini xahiş etdik. Nazirlikdən özünü Fikrət kimi təqdim edən bir şəxs çıxdı və bizimlə küçədə söhbət etdi. Fikrət çox qarışıq danışdı və bunları başa düşə bildik. O əvvəl dedi ki, həbs edilməyib, amma məhkəməsi olub. Mən ona dedim ki, həbs olunmayıbsa məhkəmə niyə olub, vəkil niyə tutulub. Bundan sonra Fikrət Hicranın Böyük Düz Təcridxanasına köçürüldüyünü bildirdi”, Hicran Qasımovun həyat yoldaşı Rəqsanə Qasımova Amerikanın Səsinə bildirib.

Rəqsanə Qasımova həyat yoldaşı ilə görüş tələb etdikdə isə özünü Fikrət kimi təqdim edən şəxs bunun yalnız 15 gündən sonra mümkün olacağını deyib. “İstəyirəm ki, həyat yoldaşımın taleyi barədə mənə məlumat versinlər. Hicran çox təmiz insandır. Ona ləkə atmasınlar, təmiz insanlara ləkə yapışmaz”, o qeyd edib.

Həyat yoldaşı Hicran Qasımovun saxlanılmasından öncə onun izləndiyini də bildirib. “Hicran saxlanmamışdan öncə yaşadığımız Bənənyar kəndindəki evimizin yaxınlığında Naxçıvan Daxili İşlər Nazirliyinin və Əlnicə Polis Bölməsinin avtomobilləri olub”, o qeyd edib.

Öz növbəsində Naxçıvan Daxili İşlər Nazirliyi müxalifət fəalının saxlanmasının səbəbləri ilə bağlı məlumat yaymayıb.