Livanın Səhiyyə Nazirliyi ölkənin bir sıra bölgələrində elektron cihazların partlayışı nəticəsində ən azı 9 nəfərin öldüyünü və 300 adamın yaralandığını bildirib.
Hizbullah və Livan hökuməti çərşənbə axşamı Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin partladılmasında İsraili günahlandırır. Daha əvvəlki innsident azı 12 nəfərin ölümünə və 2800-ə yaxın insanın yaralanmasına səbəb olub.
Hizbullah çərşənbə günü bildirib ki, Qəzzada HƏMAS militantlarına dəstək üçün İsrailə qarşı mübarizəni davam etdirəcək və İsrail “sərt cəzanı” gözləməlidir.
İsrail hökumətinin Qəzzada HƏMAS militantlarına qarşı müharibədə məqsədlərinin genişləndiyini və İsrail-Livan sərhədində Hizbullah ilə münaqişə fonunda İsrailin şimalının təhlükəsizliyinin təmin olunmasını da əhatə etdiyini elan etməsindən bir neçə saat sonra baş verən insidentlə bağlı İsrail şərh verməyib.
Şübhələr Hizbullaha çatdırılmazdan əvvəl peycerlərə az miqdarda partlayıcının əlavə edilməsinə yönəlib. Qruplaşma lideri İsrail kəşfiyyatının onların rabitələrini ələ keçirə və izləyə biləcəyindən narahat olduğu üçün qrup üzvlərinə mobil telefonlardan istifadəni dayandırmağı əmr etdikdən sonra bu cihazlardan asılı olub.
Tayvanda qərargahlanan Gold Apollo istehsalçısının qurucusu Hsu Çinq-Kuanq çərşənbə günü jurnalistlərə bildirib ki, onun şirkəti peycerləri istehsal etməyib, sadəcə brendinin BAC adlı bir şirkət tərəfindən istehsal edilən və satılan cihazlarda istifadə edilməsinə icazə verib.
İran dövlət mediası ölkənin Livandakı səfiri Müctəba Amaninin peycerin partlaması nəticəsində yaralananlar arasında olduğunu bildirib.
İranın Hizbullah və HƏMAS-a dəstəyi, Qəzzada və İsrail-Livan sərhədində davam edən münaqişələr onsuz da artıq daha geniş regional münaqişə ilə bağlı narahatlıqları artırıb.
Peycer partlayışları çərşənbə günü eskalasiyanın qarşısını almaqla bağlı yeni çağırışlara səbəb olub.
Aİ-nin xarici siyasət komissarı Cosep Borrell vəziyyəti “son dərəcə narahatedici” adlandırıb və Livanın xarici işlər naziri Abdullah Bu Həbiblə telefon danışığında bunu müzakirə etdiyini bildirib.
"Hücumlar hədəfli kimi görünsə belə, qurbanlar arasında uşaqlar da olmaqla, mülki şəxslərə ağır, fərq qoyulmadan ciddi ziyan vurulub", Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrell bildirib.
Moskvada Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə deyib ki, Livanda baş verənlər “əlbəttə ki, gərginliyin artmasına gətirib çıxarır”.
“Bölgənin özü gərgin vəziyyətdədir... Və bu kimi hər bir insident tətikləyici olmaq potensialına malikdir”, o əlavə edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı jurnalistlərə deyib ki, ABŞ bu hadisədən “əvvəlcədən xəbərdar olmayıb” və hələ də “məlumat toplayır”.