Heyli: Tramp Baş Assambleyada İran liderləri ilə görüşə isti yanaşır

Your browser doesn’t support HTML5

Dünya liderləri Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına toplaşdığı bir vaxt, ABŞ rəsmiləri deyir ki, İran davranışlarını dəyişib, konstruktiv dialoq aparmağa razılaşsa, prezident Donald Tramp bu həftə orada İran liderləri ilə görüşlərə açıq olacaq. Bu sözlər İran ABŞ və onun müttəfiqlərini şənbə günü 25 nəfərin ölümü ilə nəticələnən hərbi parada hücumda günahlandırmasından sonraya təsadüf edir.

Məncə prezident bu məsələ ilə bağlı açıq firkini bildirib. O insanlarla danışıq aparmağa hər zaman hazırdır
Mayk Pompeo

Bu həftə Nyu Yorkda BMT-nin Baş Assambleyasında ABŞ rəsmilərinin çıxışlarının, görüşlərin və pərdə arxasındakı diplomatik səylərin əsas diqqət mərkəzində ABŞ-ın İran nüvə razılığından geri çəkilməsindən sonra İrana qarşı iqtisadi təzyiqlərin qorunub-saxlanması olacaq.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, prezident Donald Tramp çərşənbə günü Təhlükəsizlik Şurasına sədrlik edəndə mütləq İran barədə danışacaq, amma o, başqa məsələlərə də toxunacaq.

“Məncə Təhlükəsizlik Şurasının iclasında o, İranın bütün dünyaya törətdiyi təhlükədən bəhs edəcək. Bununla yanaşı o, Suriyadakı kimyəvi silahların təhlükəsindən, Şimali Koreyadakı vəziyyətdən və orada görməli olduğumuz işlərdən danışacaq” – deyə, o bildirib.

Heyli deyib ki, prezident BMT görüşləri çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşməyə açıqdır, amma İrandan belə bir tələb gəlməyib.

Dövlət katibi Mayk Pompeo onunla razılaşır.

“Məncə prezident bu məsələ ilə bağlı açıq firkini bildirib. O insanlarla danışıq aparmağa hər zaman hazırdır” – Pompeo söyləyib.

Lakin Pompeo və Heyli həmçinin qeyd edib ki, İran konstruktiv dialoqa və öz “düşmən” davranışlarını dəyişməyə hazır olduğuna işarə etməyib.

İran prezidenti Həsən Ruhani

İran prezidenti Həsən Ruhani isə öz növbəsində, ABŞ-ın adını açıqlamadığı müttəfiqini şənbə günü Əhvəzdə hərbi parada hücum edən qrupu dəstəkləməkdə ittiham edib. Həmin hücum nəticəsində 25 nəfər ölüb, azı 60 nəfər xəsarət alıb.

“Regionda gördüyümüz bütün kiçik muzdlu ölkələr Amerika tərəfindən dəstəklənir. Bu cinayətləri törətməyə amerikalılar onları təşviq edir və lazımı vasitələrlə təmin edir” – deyə, Ruhani bildirib.

Dünya liderləri Nyu Yorka üz tutduğu bir vaxt, bəzi müşahidəçilər deyir ki, onlar Trampın ötən il Şimali Koreya lideri Kim Conq Unla olduğu kimi, bu il də İranla bağlı daha sərt mövqe sərgiləcəyini gözləyir.