Meksika məhkəməsi Heydər Əliyevin abidəsinin sökülməsi qərarını qüvvədə saxlayıb

Heydər Əliyevin Mexikoda heykəli

Ekspertlər Mahatma Qandi, Abraham Linkoln və Meksikanın milli qəhrəmanlarının yanında avtoritar liderə yer olmadığını hesab edib
Meksikada Federal İnzibati Məhkəmə Heydər Əliyevin abidəsinin sökülməsinin qadağan edilməsinə nail olmağa çalışan Azərbaycan səfirliyinin şikayətini təmin etməyib. Xəbəri Turan agentliyi Meksika mətbuatına istinadən yayıb.

Abidə ötən yay Mexikonun mərkəzi parkında yerləşdirilib. Azərbaycan parkın yenidənqurmasına 5 milyon dollar vəsait ayırıb. Lakin abidənin quraşdırılması yerli hüquq müdafiəçilərinin etirazlarına səbəb olub. Bu yaxınlarda hakimiyyət nümayəndəsi də tənqidi dəstəkləyərək, “diktatorun abidəsinin Mexikoya hörmət qazandırmadığını” bildirib.

Noyabrın sonlarında ekspert komissiyası şəhər hakimiyyətinə Heydər Əliyevin abidəsini mərkəzi parkdan başqa yerə keçirməyi tövsiyə edib. Ekspertlər Mahatma Qandi, Avraam Linkoln və Meksikanın milli qəhrəmanlarının yanında Əliyevin yeri olmadığını hesab ediblər.

Azərbaycan səfirliyi Əliyevin abidəsinin sökülməsi cəhdlərinə qarşı çıxıb.

“Abidə götürülərsə, bu, Azərbaycan və Meksika arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olacaq, o cümlədən investisiyalar həyata keçirilməyəcək, ən qəti tədbir isə səfirliyin bağlanması olacaq”- deyə Azərbaycan səfiri İlqar Muxtarov xəbərdarlıq edib.

Səfirlik abidənin sökülməsinin qadağan edilməsi xahişi ilə rayon məhkəməsinə müraciət edib. Rayon məhkəməsi 2012-ci ilin noyabrında bu xahişə baxaraq, rədd cavabı verib. Yanvarın 9-da Federal İnzibati Məhkəmə analoji qərar çıxarıb.