“Elə bil Marsdan bizə diktator gətiriblər. Növbədə kimdir? Hitler? Stalin?”

Heydər Əliyevin Mexiko şəhərinin mərkəzi Reforma Xiyabanındakı heykəli Azərbaycanın keçmiş prezidentini tanımayan əksər sakinləri çaşdırır. Mahatma Qandi, Abraham Linkoln və Meksikanın milli qəhramanları ilə yanaşı sabiq DTK generalına qoyulan bu abidə etiraz səsləri ilə qarşılanır.

ABŞ-ın BloombergWashington Times qəzetlərində dərc olunmuş sindikat məqalədə Associated Press agentliyinin müxbiri Mark Stevenson şəhər sakinləri ilə söhbətlərindən aldığı təəssüratları bölüşür.

“Bu heykəl buraya yaraşmır," deyə 18 yaşlı məktəb şagirdi Miguel Angel Mendoza bildirir. “Niyə görə onlar yaxşı bir iş görmüş adama heykəl qoymayıblar?”

65 milyon peso – yəni 5 milyon dollarlıq ianənin müqabilində Azərbaycan hökuməti Mexiko şəhərində iki parkı təmir etmiş və orada abidələr ucaltmışdır. Tənqidçilər deyirlər ki, avtoritar lider kimi ad çıxarmış Heydər Əliyevin abidəsi görkəmli şəxsiyyyətlərlə bir sırada olmamalıdır.

“Yəqin onlarda belə heykəllərlə dolu bir anbar var,” deyə insan haqları müdafiəçisi Daniel Gerşenson Azərbaycan hökumətini lağa qoyur.

Heykəlin sosialist relaizm üslubunda olduğunu vurğulayan yazıçı Homero Aridyis şəxsiyyətə pərəstiş kultunun Meksikoya ixrac olunmasından gileylənir. “Elə bil Marsdan bizə diktator gətiriblər. Növbədə kimdir? Hitler? Stalin?”

Stevensonun yazdığına görə Heydər Əliyevin belə uğurlu olmasına səbəb əslində onun çox az adam tərəfindən tanınmasıdır. “Burada heç kim onu tanımır.”

Azərbaycan hökumətinin ucaltdığı ikinci abidə Xocalı faciəsinin qurbanlarına həsr edilib. Lakin meksikalılar bunun da vaxtikən polis dindirmə və işgəncə mərkəzi olan yerdə qoyulmasını yersiz hesab edirlər. Onların fikrincə burada məşəqqətlərə məruz qalmış meksikalılara abidə qoyulması daha yaxşı olardı

Mexiko şəhərinin meri Marselo Ebrard jurnalistin sularını cavablandırmayıb. Lakin abidələrdən birinin açılış mərasimində o, indiyədək heç bir xarici hökumətdən bu həcmdə pul alınmadığını söyləmişdi.