Cəmil Həsənli: Bakıya qəhrəman şəhər adı verilməməsi ədalətsizlik idi [Audio]

Cəmil Həsənli

9 may qələbə günü yaxınlaşır.Qələbə digər xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətinin itirilməsi, böyük məhrumiyyətlər hesabına başa gəlmişdi. Azərbaycan ən çox nədən zərər çəkmişdi?

Your browser doesn’t support HTML5

Cəmil Həsənli ilə müsahibə



Tarix elmləri doktoru, professor Cəmil Həsənli Azərbaycana ən çox insan itkisinin ziyan vurduğunu deyir. “Həmin dövrdə Azərbaycandan 640 min insan səfərbərliyə alınmış, onlar müxtəlif cəbhələrdə döyüş yolu keçmiş və yarıya qədəri itirilmişdi.”

Azərbaycan nefti, sərvəti, kənd təsərrüfatını bütövlüklə müharibəyə sərf edirdi. Neftinin böyük hissəsini müharibəyə verən Azərbaycanda həm də silah və döyüş sursatı istehsal edilirdi. Nəyə görə Bakı qəhrəman şəhər adına layiq görülmədi?


Tortun "Bakı" parçası Adolf Hitlerə təqdim olunur

“Bakı cəbhənin ağırlığını çiyinlərinə alan şəhərlərdən biri idi.Hərbi əməliyyatların Azərbaycan ərazisində getməməsinə baxmayaraq, Azərbaycanda hərbi vəziyyət elan olunmuşdu. Sovet rəhbərliyinin Bakıya münasibətdə atdığı ədalətsiz addımlardan biri şəhərə qəhrəman adı verilməməsi idi.”

Müharibə vaxtı Bakının işğalı da nəzərdə tutulurdu. Adolf Hitler müharibənin hələ ilk çağlarında Bakının ələ keçirilməsinə göstəriş vermişdi.Bakının ələ keçirilməsinə nə mane oldu?

“İkinci dünya müharibəsinin başlanmasından əvvəl 1939-40-cı illərdə İngiltərə ilə Fransanın Bakı haqda planları vardı. Onlar Sovet İttifaqının Bakı neftini Almaniyaya verəcəyindən ehtiyat edirdi. Bu isə Almaniyanın daha da güclənməsinə yardım edə bilərdi. Bunun üçün Suriya və İraq ərazilərində Bakının bombardman edilməsi üçün hərbi aerodromlar tikilirdi. Hətta ingilis təyyarələri Bakının üzərində uçur və neft rayonlarının xəritələrini çəkirdi. Müttəfiqlər Bakının müdafiəsinə xüsusi diqqət yerirdilər. Müttəfiqlər Bakının müdafiəsində maraqlı idi. Stalinqrad döyüşlərində alman qüvvələrinin dağıdılması da Bakının tutulması planlarına mane olmuşdu. Bakının müdafiəsi həm birinci, həm də ikinci dünya müharibələri dövründə döyüşən tərəflərin strateji planlarına daxil olub.”