Həsən Ruhani İranda yeni dövrün başlanacağına söz verib


İranda yeni prezident seçilmiş Həsən Ruhani mötədil kurs götürəcəyinə söz verərək, qələbəsinin İran xalqı üçün yeni dövrün başlanacağına işarə etdiyini deyib.

Mötədil din xadimi olan Həsən Ruhani cümə günü prezident seçkilərindən sonra ilk dəfə televiziya vasitəsilə yayımlanan mətbuat konfransında danışıb.

Cənab Ruhani ekstremist deyil, mötədil və ədalətli kurs götürəcəyinə deyib. O həmçinin dünya ilə konstruktiv qarşılıqlı əlaqələr qurmağa və zəifləmiş iqtisadiyyatı dirçəltməyə söz verib.

İran iqtisadiyyatı mübahisəli nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş sanksiyalara görə zəifləyib. Birləşmiş Ştatlar və digər Qərb ölkələri İranın nüvə silahı istehsala çalışmasından şübhələnir. İran nüvə proqramının dinc xarakter daşıdığını bildirir.