Dövlət Departamenti din azadlığına dair hesabat açıqladı

"Din və etiqad azadlığı insanın dərin və mühüm ehtiyacını əks etdirir. Avropalı mühacirləri bir neçə əsr bundan öncə Amerika sahillərinə gətirən məhz bu azadlıq amacı olub və bu amac bizim Konstitutsiyamızda öz əksini tapır. Amma bu eksklüsiv olaraq Amerika hüququ deyil. 1948-ci ildə qəbul olunmuş İnsan Haqlarına dair Universal Bəyannaməyə əsasən bütün dövlətlər düşüncə, vicdan və inanc azadlığına hörmət etməyə borcludurlar," deyə ABŞ Dövlət Departamentinin din azadlığına dair illik hesabatının müqəddiməsində bildirilir.

Bu gün ictimaiyyətə açıqlanan sənəddə din azadlığına dair qanunlar və məhdudiyyətlərin əks-mütənasibliyindən söz açılır. Hesabatda həmçinin Azərbaycanda din azadlıqlarının boğulması yer alır.

Avropalı mühacirləri bir neçə əsr bundan öncə Amerika sahillərinə gətirən məhz bu azadlıq amacı olub və bu amac bizim Konstitutsiyamızda öz əksini tapır. Amma bu eksklüsiv olaraq Amerika hüququ deyil.
Din azadlığının pozulması hallarına görə səkkiz ölkə öndə gedir. Bunlara Birma, Çin, Eritrea, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistan daxildir. 2012-ci ildə İran və Çində vəziyyət daha da pisləşib, digər altı ölkədə isə olduğu kimi qalıb.

Azərbaycanda “Yehova Şahidləri” və bir sıra müsəlman dini qrupların fəaliyyəti məhdudlaşdırılıb. Sənəddə deyilir ki, Azərbaycanda hökumət tərəfindən qeyri-ənənəvi adlandırılan dini qruplar polis təzyiqləri, cərimələr, gizli məhkəmələr və özbaşınalığın digər növləri ilə üzləşir. “Bu ölkədə dini etiqadına görə insanlar həbs edilir. Azərbaycanda dini yayımlar, metro stansiyalarında dini kitabların satışı da daxil edilməklə, dini fəaliyyətlərə məhdudiyyətlər tətbiq edilir. May ayının 12-də Gəncə şəhərində Yeddinci Gün Adventistlərinin tədbiri dağıdılıb, mərasim iştirakçılarına cərimələr kəsilib.”

Bakıda "Parlayan Günəş" adlı dinə meylli nəşriyyat evi qapadılıb və onun üzvləri beş gün müddətinə həbs ediliblər. Xaçmazda dinlərini təbliğ etməklə məşğul olan üç baptist polis tərəfindən saxlanılıb və hədələnib. Bəzi yerlərdə azana qadağa qoyulduğu xəbər verilib. Bir sıra məscidlər qapalı qalıb. Bu sırada Şəhidlər Məscidi, Gəncədə sünni məscid və Yeni Günəşlidəki Fatima Zəhra məscidi göstərilir.

Xaçmazda dinlərini təbliğ etməklə məşğul olan üç baptist polis tərəfindən saxlanılıb və hədələnib. Bəzi yerlərdə azana qadağa qoyulduğu xəbər verilib. Bir sıra məscidlər qapalı qalıb.
ABŞ dövlət katibi Con Kerri din azadlığının hər bir insanın bəşəri haqqı olduğunu deyib. O, dünyanın din azadlığı ilə təmin edilməməsinin ABŞ-ın bir nömrəli narahatlığı olduğunu bildirib.

Hesabatda Venesuela, Misir və İranda anti-semitizm hallarının artdığı qeyd edilir.

Con Kerri bir sıra ölkələrdə kafirlik haqda qanunların tətbiqinin dini azadlıqları boğduğunu deyib. Hesabatda bu sahədə Səudiyyə Ərəbistanı Misir, Liviya, Tunis, İran, və Efiopiya kimi ölkələrin adı çəkilir.

Hesabatda xristianların ayrı-seçkilik hədəfinə çevrildiyi, azlıqda olan müsəlmanların da istisna təşkil etmədikləri vurğulanır.