Azərbaycan və Türkiyə birgə taktiki-uçuş təlimləri keçirəcək

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
sentyabrın 18-dən başlayacaq təlimlərdə Azərbaycan və Türkiyə HHQ-yə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə hər iki ölkə HHQ-nin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 30-dək davam edəcək.