Azərbaycanın müdafiə naziri İranın İslam Şurası Məclisinin sədri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İrana rəsmi səfəri çərçivəsində aprelin 17-də İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, regionda təhlükəsizlik məsələlərinə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, xüsusən də son vaxtlarda qoşunların qarşıdurma xəttində baş vermiş hadisələr barədə məlumat verib.

Ə.Laricani isə öz növbəsində İranın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu vurğulayıb.

Tərəflər Azərbaycan ilə İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələləri müzakirə edib.