“Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”

Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. APA agentliyinin məlumatına görə, bunu Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib.

“Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətlərində inkişaf edir – hərbi-texniki, hərbi təhsil, birgə təlimlər və məşqlər sahəsində. Hesab edirəm ki, perspektivlərimiz genişdir və biz gələcəkdə bu əməkdaşlığı genişləndirmək niyyətindəyik”, Həsənov bildirib.

Z.Həsənov Rusiya və Azərbaycanın Xəzər dənizində birgə təlimlər keçirdiyini xatırladıb:

“Bundan başqa, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır. Azərbaycan ordusunun arsenalında xeyli Rusiya istehsalı olan texnika var”.

Nazir Beynəlxalq Ordu Oyunlarının təşkilini yüksək qiymətləndirərək, dörd ölkənin Hərbi-Hava Qüvvələrinin iştirak etdiyi “Xəzər Kuboku”nun Azərbaycanda keçirildiyini xatırladıb.