Rusiya, İran, Qazaxıstan hərbi gəmiləri Bakıya gəlib

“Dəniz Kuboku - 2017” beynəlxalq yarış

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 23-də Bakıya gəlib. Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

“Dəniz Kuboku-2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə olacaq.