Azərbaycan son dörd ayda 22 hərbi qulluqçusunu itirib

2017-ci ilin 4 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 22 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 12 nəfəri döyüş, 10 nəfəri qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlik nəticəsində, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 2 nəfər naməlum hadisə səbəbindən, 1 nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində, 1 nəfər avto-qəzada dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 9 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 10 nəfəri əsgər, 3 nəfərsə zabit olub. Bunlar arasında 21 nəfər Müdafiə Nazirliyinin, 1 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Ötən dövrdə ümumilikdə 3 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb), 2 hərbçi erməni gülləsindən yaralanıb, 1 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb.

Azərbaycanın müdafiə sektoru hələ məlumata münasibət bildirməyib.