Həmsədr ölkələrin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünə dair birgə bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşün yekunlarına dair birgə bəyanat açıqlayıb.

"ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələri təmsil edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında inkişafın əldə olunması məqsədilə bu gün Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Onlar münaqişənin hərbi yolla həllinin olmadığını bir daha təkrar edib. Həmsədrlər 1994 və 1995-ci illərdə əldə edilmiş atəşkəsə dair razılıqlara hörmət edilməsinin vacibliyini israrla bildirib"-deyə bəyanatda bildirilir.

Birgə bəyantda daha sonra deyilir: "Prezidentlər atəşkəs və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təkrarlayıb. Onlar bundan sonra zorakılıqlar riskinin azaldılması məqsədilə ATƏT-in araşdırıcı mexanizmi ilə bağlı işin ən qısa zamanda yekunlaşdırılmasına dair razılıq əldə edib. Prezidentlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə ediblər."

Bəyanatda prezidentlərin eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqda məlumat mübadiləsinin davam etdirilməsinə dair razılıq əldə etdiyi deyilir.

"Prezidentlər münaqişənin hərtərəfli həlli üçün danışıqların davam etdirilməsi məqsədilə danışıqların növbəti raundunun iyun ayında qarşılıqlı şəkildə razılaşdırılmış yerdə keçirilməsinə dair razılıq əldə edib"-deyə həmsədr ölkələrin birgə bəyanatında bildirilir.