Həmədanda onlarla məhbus “yer üzündə fəsad çıxarmaq” ittihamı ilə qarşılaşıb

Həmədan vilayəti

HRA agentliyinə istinadən, İranda yaşanan son kütləvi etirazlar zamanı Həmədan vilayətində saxlanılan 39 məhbus “yer üzündə fəsad çıxarmaq” və “Tanrıya qarşı müharibə” aparmaqda günahlandırılıblar.

İran İslam Respublikasının şəriət qanunlarına görə, bu ittihamla mühakimə edilənlər məhkum olunduqları təqdirdə edam və ya orqanlarının kəsilməsi kimi ağır cəzaları ilə qarşılaşa bilərlər.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi məhbusların 35-nin Əsədabad, 4-nün isə Tuyserkan şəhərində nəzarət altına alındığını bildirib. Məhbuslar keçən günlərdə Həmədan vilayətinin mərkəzi Həmədan şəhərinin həbsxanasına köçürülüblər.

Yayımlanan məlumata görə, məhbusların sorğu-sual prosesi Ettelaat tərəfindən tamamlanıb.

Yanvarın 2-də Həmədan valisi Məhəmməd Nasir Nikbəxt vilayətin müxtəlif bölgələrində “qarışıqlıq və iğtişaş çıxarmaq” istəyən bir neçə nəfərin nəzarət altına alındığını bildirmişdi.