Hələbdə hava hücumları zamanı 5 nəfər həyatını itirib

Suriya hökumət qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin Hələbdə üsyançıların nəzarətində olan ərazilərdə keçirdiyi təxminən 30 hava hücumu nəticəsində azı beş nəfər ölüb.

Britaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, aprelin 22-dən hava hücumları, raket və artilleriya atəşləri nəticəsində təxminən 250 mülki vətəndaş həyatını itirib.

Zorakılıqların artması Beynləxalq Qızıl Aypara Cəmiyyətinin döyüşlərin intensivləşdiyi halda, Suriyanın ən böyük şəhəri olan Hələbdə insanların humanitar fəlakət qarşısında ola biləcəyinə dair xəbərdarlıq etdiyi vaxta təsadüf edir.

Hələb hava hücumlarından sonra

Kerri Cenevrəyə yola düşür

ABŞ Dövlət katibi Con Kerri Suriyada vəziyyəti müzakirə etmək üçün bazar günü Cenevrəyə yola düşür. Dövlət Departamentinin verdiyi açıqlamada Kerrinin Suriyada atəşkəsin davam etdirilməsi üçün göstərilən səyləri müzakirə edəcəyi bildirilir.

Hələb ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş müvəqqəti atəşkəs haqda razılığa daxil edilməyib. Atəşkəs rejimi Suriya hökumət qüvvələrinin istinadgahı olan Latakiya vilayəti, paytaxt Dəməşq və üsyançıların istinadgahı olan Şərqi Qouta da tətbiq edilir.

Suriya hökuməti atəşkəsin cümə günü yerli vaxtla axşam saat 22-də qüvvəyə minəcəyi və Dəməşq və Qouta regionunda 24 saat davam edəcəyini bildirib. Buna oxşar razılığa əsasən, Latakiyada atəşkəsin 72 saat davam edəcəyi bildirilir.

ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyaya Beynəlxalq Dəstək qrupunun konfransında, 11 fevral 2016-cı il

Kerri və Lavrov arasında müzakirələr planı

ABŞ rəsmiləri Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun planın detallarını cümə günü müzakirə etdiyini bildirib. Lakin rəsmilərin sözlərinə görə, atəşkəsin yenilənməsinə dair danışıqlar bir müddətdir davam edir.

Rəsmilər bildirib ki, ABŞ, Rusiya və Suriyaya Beynəlxalq Dəstək Qrupuna daxil olan 17 ölkə öz nüfuzundan istifadə edərək, tərəflərin atəşkəsə əməl etməsi üçün ya Suriya hökuməti, ya da müxalifətlə iş aparacaq.

Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Latakiya və Şərqi Qouta ilə bağlı planlar döyüşlərin dayandırılmasına dair bütün tərəflərin verdiyi öhdəliklər qarşısında bir sınaqdır: "Bu, yeni öhdəlikdir və ruslar, rejim və eləcə də müxalifət üçün bir sınaqdır."

Hələb şəhərinin sakinləri bombardmandan sonra

Döyüşlər davam edir

Üsyançılar Hələbdə hökumətin nəzarətində olan yerləri raket və artilleriya atəşlərinə tutub. Dövlət mediasının verdiyi məlumata görə, məscidin atəşə tutulması nəticəsində 15 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Suriya hökuməti də hava reydlərini davam etdirir. Mülki müdafiə rəsmilərinin bildirdiyinə əsasən, rejim qüvvələri tərəfindən həyata keçirilən hava hücumları nəticəsində bir tibbi klinika dağılıb, bir neçə adam yaralanıb. Bu, eyni hava reydləri zamanı Hələb xəstəxanasının dağılmasından 24 saat sonra baş verib.

Sərhədsiz Həkimlər təşkilatı çərşənbə günü gecə Əl-Qüds xəstəxanasının vurulduğu zaman təşkilatın altı üzvü də daxil olmaqla 50 nəfərin həyatını itirdiyini bildirib.

80-dən artıq beynəlxalq və Suriyanın qeyri-hökumət təşkilatı cümə günü verdikləri bəyanatda prezident Obama və Rusiya prezidenti Vladimir Putindən BMT-nin çağırışlarına cavab verməyi və qan tökülməsini dayandırmağı tələb edib.