Kanberra şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Birliyi başqanı Həcər Malik Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanı və Azərbaycan Respublikasından olan mühacirlərin Avstralia ölkəsindəki nüfuzu və fəaliyyətləri haqqında danışıb.
Your browser doesn’t support HTML5
Güneyli diaspor fəalı təxminən 25 il öncədən bəri Azərbaycan adına Kanberra və Sidney şəhərlərində təşkil olunmuş cəmiyyətlər və tədbirlərlə bağlı məlumat verməklə yanaşı, bu fəaliyyətlərin davamlılıq baxımından uğurlu olmamasının səbəbləri haqqında öz düşüncələrini dilə gətirib.
1990-cı illərdə keçirilən tədbirlərə gələnlər çox olurdu, şur var idi və birlik çoxuydu. Amma, təşkilatlandıqca biz biraz bölündük. Ən böyük təşkilatımız 91-92-illərində yarandı... Ondan sonra biz 3-4 ildə bölündük.Həcər Malik
Malikin dediklərinə görə, Avstraliyadakı Azərbaycan cəmiyyətlərinin üzvləri ən çox Sidney, Melburn və Kanberra şəhərlərində yaşayır.
“1990-cı illərdə keçirilən tədbirlərə gələnlər çox olurdu, şur var idi və birlik çox idi. Amma, təşkilatlandıqca biz biraz bölündük. Ən böyük təşkilatımız 91-92-illərində yarandı... Ondan sonra biz 3-4 ildə bölündük,” deyə Həcər Malik Azərbaycan cəmiyyətində mövcud olan “ixtilaflar” və baş verən “parçalanmaları” önə çəkir.
Avstraliyada Azərbaycan Mədəniyyət Birliyi başqanının sözlərinə görə, son bir neçə ildə fərqli qruplar arasında aparılan müzakirələr nəticəsində və Avstraliya ölkəsinin standartlarına uyğun mexanizmlər əsasında hərəkət edərək Avstraliyadakı Azərbaycan cəmiyyətində yeni bir fəallıq müşahidə olunur.
“İndi Avstraliya standartlarına görə, düzgün əsasnamə ilə, buranın qanunları çərçivəsində fəaliyyət edirik. Artıq dəyişik bir yanaşmamız var. Farslar demişkən Kədxudaməniş (araçılıq yoluyla uzlaşmaq) şəklində yanaşmağı bir qırağa qoymuşuq,” deyə yeni dönəm fəaliyyətlərin nizamlı bir şəkildə həyata keçirildiyini qeyd edir.
Həcər Malik Avstraliyada yaşayan güneyli fəallar arasında lobbiçilik sahəsində fəaliyyət etməyə lazim olan maraq və potensialın mövcud olub olmadığı ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırır.
O, həmçinin mənsub olduğu birliyin digər cəmiyyətlər o cümlədən, digər türk xalqları ilə əlaqələri və birgə fəaliyyətləri haqqında məlumat verir.