Həcc ziyarətinə ilk dəfə az sayda zəvvar toplaşır

Müsəlman zəvvarlar Həcc ziyarəti üçün Məkkəyə toplaşmağa başlayıb. Səudiyyə Ərəbistanı rəsmiləri İslamın əsas ritullarından biri olan bu mərasimə toplaşanların koronavirus pandemiyasına görə təhlükəsizliyini təmin etməyə çalışır.

Adətən 2.5 milyon insanı cəlb edən Həcc ziyarətinə bu il gedən zəvvarların sayı kəskin azalıb.

Həcc dünyada ən çox insanın toplaşdığı dini mərasimdir.

Bu il Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bildirib ki, ziyarətə 1000-lə 10 000 arasında insan artıq qeydiyyatdan keçib. Ziyarətçilərin üçdə ikisini xarici vətəndaşlar və yalnız üçdə birini səudiyyəlilər təşkil edəcək.

Krallıq Yaxın Şərqdə virusun çox yayıldığı öıkələrdən biridir. Burada 266 min yoluxma, 2733 ölüm halı qeydə alınıb.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti üçün sağlamlıq protokolları hazırlayıb.

Krallığın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məhdudiyyətləri koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilir.

Səudiyyə Ərəbistanı keçən ay builki Həcc ziyarətinə məhdud sayda insana icazə veriləcəyini bildirib.

Krallıq müasir dövrdə ilk dəfə olaraq bu il xaricdən gələn çoxsaylı müsəlmanın ziyarətinə qadağa qoyulduğunu elan edib.

Ölkədə təhlükəsizlik tədbirləri görülüb. Kəbəyə toxunulması və ya öpülməsi qadağan edilib. Çadır üçün ayrılmış 50 kvadratmetrlik ərazidə 10 zəvvardan çox adam olmamalıdır.

Həcc və Ümrə işləri üzrə nazirliyin məlumatına görə, qadağa krallıqda olanlara aid deyil.

Səudiyyə Ərəbistanı builki ziyarətçilərin yemək, mehmanxana, nəqliyyat və səhiyyə xərclərini üzərinə götürüb. Normalda Həcc ziyarətinə zəvvarlar minlərlə dollar sərf edir. Bu isə Səudiyyə Ərəbistanını miyardlarla dollarlıq gəlirlə təmin edir.

Səudiyyə kralları nəsillər boyu İslamın ən müqəddəs yerlərinin qəyyumu adını almışlar və həcc nəzarəti dünya miqyasında müsəlmanlar arasında nüfuz mənbəyidir. Səudiyyə Ərəbistanı ölkənin yarandığı təqribən 90 ildə heç vaxt Həcc ziyarətini ləğv etməyib.

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə xaricdən gələn zəvvarları koronavirus hallarının həddindən artıq olması ilə əlaqədar Həcc ziyarətinə qəbul etməyib. Bu, əsasən Asiya və Afrikadan 160-dan çox ölkədən 2 milyona yaxın zəvvarın dini ayinlərin icrası üçün Məkkədə toplaşdığı əvvəlki illərlə müqayisədə çox məhdud saydır.

Həcc bütün yaş qruplarını cəlb etsə də, bu il zəvvarların 20-50 yaş arasında və sağlam olmaları tələb edilib.

Həcc həyatda heç olmasa bir dəfə bütün əmək qabiliyyətli müsəlmanlardan tələb olunur.

Bu il zəvvarlar maskalar geyməli və Məkkədəki Zəmzəm quyusundan müqəddəs suyu butulkalardan içməli olacaq.

Həcc boyunca zəvvarların şeytanı daşa basmaq üçün daşlar dezinfeksiya edilib torbalara yığılacaq.

Bundan əlavə zəvvarlar öz namaz kilimlərini gətirməli olacaq və onlardan çiyin-çiyinə deyil, biri-birilərindən uzaq məsafədə namaz qılmaları tələb olunur.