NİDA həbsdə olan fəallarının təzyiqlərə məruz qaldığını bildirir

NİDA Hərəkatı (Foto NİDA-nın Facebook səhifəsindən götürülüb)

NİDA Vətəndaş Hərəkatı fəallarının cəzaçəkmə müəssisələrində təzyiqlərə məruz qalması ilə bağlı bəyanatla çıxış edib. Sənədə fəalların həyatına görə hakimiyyətin məsuliyyət daşıdığı bildirilir.

“NİDA Vətəndaş Hərəkatı olaraq nidaçı siyasi məhbusların ölüm təhlükəsi ilə üz-üzə qalmasıyla bağlı həyəcan təbili çalırıq”, NİDA Vətəndaş Hərəkatının oktyabrın 17-də yaysdığı bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, NİDA Vətəndaş Hərəkatının üzvü, 13 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) saxlanılan Bayram Məmmədova qarşı 9 oktyabrdan etibarən ciddi təzyiqlər başlanıb.

“Həmin tarixdə özünü təqdim etməyən hökumət nümayəndələri həbsxana rəisinin otağında Bayram Məmmədovla görüşüblər. Görüşün detalları barədə məlumat ala bilməmişik, amma görüş ərzində üzvümüzün fiziki və mənəvi təzyiqlərə məruz qaldığına dair bilgilərə sahibik.

Qeyd olunan görüşdən sonra Bayram Məmmədov cəza kamerasına ("kars") salınıb. "Kars"da olduğu müddətdə də qeyri-insani rəftara məruz qalıb və soyuq şəraitdə, isti paltar olmadan, yemək verilmədən saxlanılıb”.

NİDA bildirir ki, oktyabrın 15-də Bayram Məmmədov "kars"dan buraxılıb, lakin o, həbsxananın ən ağır şəraitli hissəsinə köçürülüb.

“Soyuq, rütubətli və tualetin yanında yerləşən bu hissədə daha əvvəl qalan məhbuslar vərəm xəstəliyinə yoluxublar. Həbsxana rəisi Azər Hacıyev və müavini Elçin Əlicanov Bayram Məmmədova bildiriblər ki, vərəmə yoluxdurmamış ondan əl çəkməyəcəklər”.

Bəynatada deyilir ki, nidaçı siyasi məhbus Qiyas İbrahimova qarşı da həyatına təhlükə törədəcək təhdidlər var.

“2 saylı CÇM rəhbərliyi siyasi məhbusa bildirib ki, onu Qobustan qapalı həbsxanasına göndərəcəklər.

Bir müddət əvvəl Qobustan həbsxanasına baş çəkən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirmişdi ki, həmin həbsxanada heç kimə bir gün belə qalmağı arzulamazdı. Qobustan həbsxanası ölkədəki ən ağır şəraitli, ən təhlükəli müəssisə hesab olunur”.

NİDA bildirir ki, hərəkatın 5-ci ildir həbsdə olan üzvü İlkin Rüstəmzadə də avqustun 18-də həbsxana rəhbərliyi tərəfindən ölümlə təhdid olunub.

“Hərəkat olaraq Azərbaycan hakimiyyətindən siyasi məhbuslara qarşı təzyiqlərə son qoymağı tələb edirik. Yerli və beynəlxalq ictimaiyyəti bu həyati məsələyə xüsusi diqqət ayırmağa çağırırıq”, bəyanatda qeyd edilir.

Öz növbəsində, Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə müəssisələrində məhbuslara qarşı işgənclər və qeyri-insani rəftarın olması barədə məlumatları təkzib edir. Penitensiar Xidmət bütün məhbuslarla qanunvericilik normalarına uyğun davranıldığını bildirir.