Jurnalistin ailəsi ilə görüşünə imkan yaradılmır

Əziz Orucov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan "Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir. Bu barədə iyunun 12-də Orucova baş çəkən vəkil Cavad Cavadov facebook səhifəsində yazıb.

Müdafiəçinin sözlərinə görə, iyunun 2-də istintaq təcridxanasına daxil olduğu gündən etibarən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun tələbləri pozulmaqla, Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir.

Bu, təkcə qanuna deyil, Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 8-ci maddəsinə də (şəxsi həyata və ailə həyatına hörmət hüququ) ziddir, vəkil bildirib.

Onun sözlərinə görə, istintaq təcridxanasının rəhbərliyi Orucovun hüquqlarının məhdudlaşdırılmasını istintaq orqanının qərarı ilə əsaslandırır. Vəkil bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək niyyətindədir.

Vəkil bildirib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun 19.7-ci maddəsinə əsasən, məhbusun həftədə iki dəfə ailə üzvlərinə telefonla 15 dəqiqəlik zəng etmək hüququ var. Bundan başqa, həmin qanuna əsasən, istintaq təcridxanasında saxlanılan şəxsə həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ verilir.