Valeh Rüstəmov: Qardaşım və oğlum yaxşı görünürdü [Audio-müsahibə]

Saleh Rüstəmov

Sosial şəbəkələrdə Saleh Rüstəmovun işgəncə nəticəsində dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı

“Mən bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qardaşım Saleh Rüstəmov və oğlum Vidadi ilə görüşdüm. Görüşümüz on dəqiqəyədək çəkdi. Onlar yaxşı görünürdü”. Bu barədə Saleh Rüstəmovun qardaşı Valeh Rüstəmov Amerikanın Səsinə müsahibəsində bildirib.

Your browser doesn’t support HTML5

Valeh Rüstəmovun Amerikanın Səsinə müsahibəsi

Onun sözlərinə görə, görüş zamanı vəkillər olmayıb.

“Saleh dedi ki, səhhəti yaxşıdır. Sonra Vidadini gətirdilər görüşdüm. Onlarla bir otaqda görüşdüm. Başqa adam yox idi. Dedim yemək, paltar gətirək? İndi səhhətləri yaxşı idi”.

O, ittihamla bağlı Saleh Rüstəmovun fikir bildirib-bildirməməsi barədə sualın cavabında deyib ki, mən ittihamla bağlı oraya getməmişdim.

“Salehi görəndə çox sevindim. Dünən o xəbəri (ölüm xəbəri-red) eşitdik, gecə yatmamışdım. İçəridə onu görəndə sevindim. Bir az keçdi Vidadini də gətirdilər. Onu da gördüm”.

Valeh Rüstəmov Qardaşının ümumi görünüşünün əvvəlki kimi olduğunu deyib.

“Bir az arıqlamışdı. Neçə gündür ki, oradadır”, qeyd edib.

Saleh Rüstəmov mayın 8-də külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Mayın 10-da elə həmin ittihamla onun qardaşı oğlu Vidadi həbs olunub.

S.Rüstəmov 1992-93-cü illərdə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra hakimiyyəti başçısı olub. Müxalifətçilərin təxmininə görə, S.Rüstəmov guya müxalifəti maliyyələşdirməsi haqqında ifadə alınması məqsədilə işgəncəyə məruz qoyula bilər.

Dünən sosial mediada Saleh rüstəmovun işgəncə nəticəsində dünyasını dəyişməsi barədə məlumatlar yer almışdı. Saleh və Vidadi saxlaıldıqdan sonra bir neçə məhkəmə olmasına baxmayaraq onlar məhkməmə qarşısına çıxarılmayıb.

Rəsmi qurumlar, Saleh Rüstəmovun həbsi ilə bağlı hələ açıqlama verməyib.