Hüquq müdafiəçisi dindar fəalın cərimə kamerasına salındığını bildirir

Sahil Rzayev

Həbsdə olan məhbus, 2015- ci ilin 5 noyabrında Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovla eyni gündə həbs olunan Sahil Rzayev müxalifətin martın 31-də keçiriləcək mitinqinə çağırış etdiyinə, Taleh Bağırzadənin müraciətini müdafiə etdiyinə və mətbuatda yazdığı yazıya görə 15 günlük cərimə kamerasına (kars) salınıb. Bu barədə“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev facebook səhifəsində yazıb.

“Başqa bir məlumatda isə Sahil Rzayevin işgəncələrə məruz qaldığı və intihara cəhd etdiyi bildirilir. Onun valideynləri ilə görüşünə imkan verilməyib. Saxlandığı 15 saylı Cəzaçəkmə Müəsisəsinin rəisi bildirib ki, o, dövlət əleyhinə çağırış edib”, hüquq müdafiəçisi qeyd edib.

Penitensiar Xidmət hüquq müdafiəçisinin yaydığı məlumata hələ müniasibət bildirməyib. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq məhbusların həbs yerlərində qanunvericiliyə uyğun saxlanıldığını, onların hüquqlarının hüquqi normaların imkan verdiyi çərçivədə qorunduğunu bildirir.

Müxalifət martın 31-də Məhsul stadionunda növbədənkənar prezident seçkilərinə etiraz olaraq mitinq keçirəcək. Həbsdə olan Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə müxalifətin mitinqini dəstəkləyən bəyanatla çıxış edib.

Müsəlman Birliyi Hərəkatının fəalları 2015-ci ilin noyabrında Nardaran kəndində polisin xüsusi əməliyyatından əvvəl və sonra həbs edilib.