2017-ci ildə Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması ciddi problem olaraq qalıb. Ən az 19 jurnalist, bloger və yazıçı həbsdə olub. Bu barədə Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Assosiasiyasının (International Human Rights Protection Association - IHRPA) "Azərbaycanda medianın vəziyyəti" adlı məruzəsində deyilir.
Xüsusən, jurnalistlər Əfqan Muxtarlı, Mehman Əliyev (azad edilib), Məhbub Zülfüqarlı (azad edilib), Seymur Həzi, Əziz Orucov, Faiq Əmirli (azad edilib), Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı və Cavid Şirəliyev həbsdə olub.
Bundan başqa, blogerlər Mehman Hüseynov, Rəşad Ramazanov və İlkin Rüstəmzadə, ədiblər Saday Şəkərli və Tofiq Həsənov, qraffit fəalları Qiyas İbrahimov və Bayram Məmmədov həbsdə qalmaqdadır.
Azərbaycan ərazisində 7 müstəqil KİV-in saytı bloklanıb.
IHRPA 2013-cü ildə Belçikada bir qrup Azərbaycan QHT-si tərəfindən yaradılıb.
Öz növbəsində, rəsmi Bakı söz, fikir, media azadlığının tam təmin edildiyini bildirir.
“Ölkədə internetə çıxış tam azaddır və belə bir durumda media azadlığının məhdudlaşdırılması mümkün deyil”, hökumət rəsmiləri belə düşünür.
Rəsmi Bakı həmçinin ölkədə siyasi məhbusların olmadığını bəyan edir və insanların qanun qarşısında bərabər olduğunu bildirir.
Bununla yanaşı, hüquq müdafiə təşkilatları ölkədə onlarla şəxsi “siyasi məhbus” kimi tanıyır, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ondan çox şəxsi “vicdan məhbusu” elan edib.