Əli İnsanov: Mənə qarşı siyasi repressiya amansızlıqla davam etdirilir

Keçmiş səhiyyə naziri Əli İnsanov

“Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiya amansızlıqla davam etdirilir. Bu gün Azərbaycan Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimin sındırılmasına yönəlmiş belə qərarlar məni haqq yolundan döndərə bilməz”, keçmiş səhiyyə naziri Əli İnsanov vəkili Toğrul Babayev vasitəsi ilə Ali Məhkəmənin qərarına münasibət bildirib.

Yanvarın 16-da Azərbaycan Ali Məhkəməsi hakim Fərhad Kərimovun sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətini təmin etməyib. İnansovun özü məhkəmədə iştirak etməyib.

Əli Insanov

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2017-ci il iyunun 22-də hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş səhiyyə nazirinin Qaradağ rayon Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etməyib. Bundan sonra İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğunu, heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını, siyasi repressiyaların olmadığını bildirir.