Bu gün axşam saatlarında vəkil Elçin Sadıqov Dövlət Sərhəd Xidmətinin binasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşür. Artıq vəkil iki saatdan çoxdur ki, Sərhəd Xidmətinin binasına daxil olub.
Əfqan Muxtarlının Tbilisidə yaşayan həyat yoldaşı Leyla Mustafayeva Facebook səhifəsində jurnalistin pasportunun (Azərbaycan pasportu) fotosunu yayıb.
"Əfqanın Azərbaycan pasportu evdə idi. Bu onun pasportudur. Əfqanı pasportsuz Gürcüstan-Azərbaycan sərhəddindən necə keçiriblər?", jurnalistin həyat yoldaşı sual edir.
Jurnalist Əfqan Muxtarlı Bakıya gətirilib. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Muxtarlı bu gün saat 18 radələrində ona zəng edib.
Your browser doesn’t support HTML5
“Əfqan Muxtarlı bildirdi ki, Dövlət Sərhəd Xidmətinin Sahil metrosunun yaxınlığındakı binasındadır. Sabahdan onun müdafiəsinə qoşulacam”, o qeyd edib.
Vəkil Gürcüstanda saxlanlan Əfqan Muxtarlının Azərbaycana verilməsini beynəlxalq hüquq normalarının kobud pozuntusu kimi qiymətləndirib.
“Əfqan Muxtarlını Azərbaycanda təhlükə gözləyirdi. Bu halda Gürcüstan onu Azərbaycana verməməli idi. Biz Gürcüstan hökumətinin hərəkətindən şikayət verəcəyik”, vəkil bildirib.
Əfqan Muxtarlı mayın 29-da Tbilisi şəhərində yoxa çıxıb. Həyat yoldaşı onun qabaqcadan izləndiyini deyib. Əfqan Muxtarlı jurnalist fəaliyyəti ilə məşğuldur və bir neçə il bundan əvvəl Tbilisiyə köçüb.