Həbs cəzası çəkən bloger Mehman Hüseynov Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin mütəxəssisləri tərəfindən müayinə olunub. Bu barədə vəkil Elçin Sadıqova Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanovun göndərdiyi məktubda deyilir.
Məktubda iddia olunur ki, Hüseynov azadlıqda bud səthindəki venaların genişlənməsinə düçar olub və bu, gündəlik həyatda "problem yaratmır".
Gələcəkdə zərurət yarandığı halda M.Hüseynova lazımi tibbi xidmət göstəriləcək, deyə Qurbanov yazır.
Həmçinin, Hüseynovun penitensiar müəssisələrdə saxlandığı dövrdə daim həkim nəzarəti altında olduğu və ona tibbi yardım göstərildiyi iddia olunur.
"Təcridxanaya daxil olarkən tibbi müayinə zamanı M.Hüseynov səhhəti ilə bağlı şikayət bildirməyib. O, tibb işçilərinə hər hansı işgəncəyə məruz qalması haqda da bildirməyib. Bədən səthinə baxış zamanı heç bir xəsarət, zədə aşkar olunmayıb. M.Hüseynov iki ildir ki, venalarında genişlənmə olduğunu bildirib, ancaq təsdiqedici sənəd təqdim etməyib", deyə məktubda qeyd olunur.
Həkimlər cərrahi əməliyyata ehtiyac olmadığı qənaətinə gəliblər və müvafiq müalicə təyin ediblər. Hazırda bu təyinatın icrasına başlanılıb, deyə Qurbanov bildirir.
Amma müdafiə tərəfi həkimlərin cərrahi əməliyyata ehtiyac olmadığı barədə rəyi ilə razı deyil. Vəkil yenidən müvafiq qurumlara müraciət etmək niyyətindədir. Hüseynov həbsxana şəraitində ağrılarının artmasından şikayətlənib.
* Xatırladaq ki, 2017-ci il martın 3-də Suraxanı rayon məhkəməsinin qərarı ilə Hüseynov işgəncələrə məruz qaldığı haqqında polisə böhtan atmaq ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
Bu arada, blogerin həmkarları Mehmanın azadlıqdan məhrum edilməsinin əsl səbəbinin Mehriban Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin edilməsini ələ salan video reportajı olduğundan əmindirlər.