Bloger cərimə kamerasına salınıb

Rəşad Həqiqət Agaaddin

Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınan bloger Rəşad Ramazanov (Rəşad Həqiqət Agaaddin) saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Bu barədə blogerin vəkili Azər Nağıyev Amerikanın Səsinə bildirib.

Rəşad Ramazanov 2013-cü il mayın 9-da narkotik ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi- böyük miqdarda qanunsuz narkotik saxlamaq və satmaq) ilə saxlanılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Bloger Facebook-da Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidləri ilə məşhurdur.

O öz Facebook səhifəsində din, azadlıq və ədalət mövzularında statuslar və məqalələr yerləşdirirdi. Xüsusən, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı istehza edərək, onun Ginnesin rekordlar kitabına daxil olmaq istədiyini qeyd edirdi.

Vəkil Azər Nağıyev yanvarın 23-də 2 saylı Cəzaçəkmə Müəssisəsində olub və blogerin cərimə kamerasına salınmasının səbəblərini öyrənməyə çalışıb.

“Cəzaçəkmə müəssisəsində mənə Ramazanovun neçə günlüyə cəza kamerasına salınması və hansı səbəbdən cəzalandırılması ilə bağlı məlumat vermədilər. Müdafiəçi kimi onunla görüşə də buraxmadılar”, vəkil bildirib.

Nağıyev 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən Penitensiar Xidmətə şikayət edəcəyini bildirib.

Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.