Yanvarın 16-da Bakının Nərimanov rayon Məhkəməsi NİDA Vətəbdaş Hərəkatının fəalı Rahim Vəliyev barəsində 30 sutka inzibati həbs qərarı verib. Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb.
Rəsmi qurumlar Rahim Vəliyevin həbsi ilə bağlı hələ məlumat yaymayıb. Fəalın hansı ittihamla həbs edildiyi bilinmir.
NİDA Vətəndaş Hərəkatı isə həbsin səbəbini belə izah edir.
“Bu məlumatı indicə Rahim Vəliyevin özü ailəsinə zəng edərək bildirib. Bu gün Nərimanov rayon Məhkəməsi Rahimlə bağlı bu qərarı verib. NİDA Vətəndaş Hərəkatı üzvümüzün həbsini onun Facebookda yazdığı tənqidi statuslarla əlaqələndirir. Rahim Vəliyevə azadlıq tələb edirik. Tənqidi statuslar və müxalif fəaliyyətə görə insanları həbs etməklə heç nəyə nail olası deyilsiniz”, NİDA-nın məlumatında deyilir.
Vəkil Cavad Cavadov bildirib ki, təfsilatı hələ bəlli deyil.
"Bu gün qərarı götürüb apellyasiya şikayeti verəcəm. Həbsin təfsilatı hələ məlum deyil", o qeyd edib.
Rahim Vəliyev həbsi Facebook səhifəsində (https://www.facebook.com/balkonsky92) Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin iqtisadi yekunları ilə bağlı iclasında çıxışına tənqidi statuslarından bir neçə gün sonraya təsadüf edir.