AXCP fəalının həbsxanada təzyiqlə üzləşdiyi bildirilir

Murad Ədilov (Foto Ülvi Həsənlinindir)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Murad Ədilovun saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsində təzyiqlə üzləşdiyi bildirilir.

Murad Əbilovun qardaşı, AXCP mətbuat xidmətinin rəhbəri, hazırda mühacirətdə olan Natiq Ədilov analarına istinadla bildirir ki, Murad Ədilov noyabrın 2-də evə zəng edib və müəssisədə artıq intihar həddinə çatdırıldığını deyib.

“Deyib ki, müəssisənin Xəyal Həsənov adlı böyük nəzarətçisi onu “qaralayıb”. Qısa müddətdə 3 dəfə ona töhmət verib. Faktiki onu ölüm həddinə çatdırıb. Murad Ədilov anasına bildirib ki, bu barədə məlumatı ictimailəşdirsinlər, onun adından Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, ombudsmana müraciət etsinlər. Murad baş verənlərlə əlaqədar artıq müəssisə rəhbərinə də xəbərdarlıq edib. Deyib ki, nəzarətçi Həsənov qanunsuz hərəkətlərini və onu təngə gətirməyi dayandırmasa, özünə qəsd edəcək. Qısa və gərgin söhbətdə o da bəlli olub ki, Həsənov Muraddan həm də vaxtaşırı rüşvət tələb edir”, Natiq Ədilov facebook səhifəsində bildirib.

Murad Ədilov 2014-cü ildə narkotik ittihamı ilə 6 il müddətinə həbs olunub. AXCP bildirib ki, M.Ədilovun həbsinin səbəbi qardaşı Natiq Ədilovun jurnalist fəaliyyətidir. Natiq Ədilov Azadlıq qəzetinin və “Azərbaycan saatı” proqrmı/TuranTV-nin əməkdaşıdır və iqtidarın kəskin tənqidçilərindəndir.

Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildirblər ki, bütün nəzarətçilər qanunauyğun xidmət aparır.

“Əgər Murad Ədilov özünə qarşı hansısa qanunazidd hərkət hiss edirsə Prnitensiar Xidmətə müraciət etsin. Onun müraciəti araşdırılacaq”, İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı deyib.