“Məmməd İbrahim sentyabrın 29-da azadlığa buraxılacaq”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, həbsdə olan Məmməd İbrahim sentyabrın 29-da azadlığa buraxılacaq. Bu barədə Amerikanın Səsinə onun oğlu Turan İbrahim bildirib.

“Sentyabrın 28-də saat 15.30-da 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənovla görüşdüm. O bildirdi ki, atam hazırda cərimə təcridxanasındadır, aclığı dayandırıb, hər hansı problem yoxdur və sabah azadlığa buraxılacaq”, o qeyd edib.

Məmməd İbrahim həbs müddəti bitməsinə iki gün qalmış, sentyabrın 27-də cərimə təcridxanasına salınıb. Penitensiar Xidmət M.İbrahuimin cərimə təcridxanasına salınmasın onun yatağından kəsici-deşici alətin tapılmasının səbəb olduğunu bildirib.

Məmməd İbrahim etiraz olaraq aclığa başlayıb.

AXCP sədrinin müaşavirinin cərimə təcridxanasına salınması sosial şəbəkələrdə müzakirələr və tənqidlərə yol açıb.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (polisə müqavimət göstərməklə xuliqanlıq) 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.