Həbsdə olan gənc fəallar aclığa başlayıb

Aclıq edən gənclər (Foto musavat.com saytından götürülüb)

Gənclər Qarabağ qazisini intihar həddinə çatdıranlara etiraz edir
Dekabrın 29-da keçirilən “Qaziləri yandırma!” aksiyasına görə həbs cəzası alan gənclərdən bir neçəsi aclıq aksiyasına başlayıb.

Bu barədə müsavat.com saytına 18 sutka həbs cəzası alan Orxan Eyyubzadənin anası məlumat verib.

Onun sözlərinə görə, müstəqil gənc fəal Orxan Eyyubzadə, Müsavat Partiyasının fəal üzvü Tural Sadıqlı (17 sutka), AXCP üzvü Türkel Əlisoy Səbayel rayon məhkəməsi tərəfindən həbs qərarı elan olunan saatdan etiraz olaraq aclıq aksiyasına başlayıblar. Onlar saxlandıqları Binəqədi rayonundakı Müvəqqəti Saxlama Təcridxanasında aclıq aksiyası keçirirlər.

Orxan Eyyubzadənin anası deyib ki, gəncləri təcridxanada kombi qızdırıcılarına qandallayıblar. Orxanın otağındakı qızdırıcını isə söndürüblər.

Ananın sözlərinə görə, dekabrın 31-də təcridxanada oğlu ilə görüşüb: "Orxanın qolunda və ayaqlarında işgəncə izləri vardı. Yeriməyə çətinlik çəkirdi. Təcridxananın rəisi dedi ki, oğlun dəlidir, onun etdikləri dəlilikdir, get ona dəlilik kağızı gətir, bizim əmrlərimizə tabe olmur, ona görə də cəzalandırırq... Orxanı hər kəsdən ayırıb, tək saxlayırlar".

Sayt bayram günü olduğundan iddialara müvafiq qurumun münasibətini öyrənə bilməyib.