2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş, gənc bloger Bəxtiyar Hacıyev həbsxanadan Almaniya hökumətinə minnətdarlıq məktubu göndərib.
Almaniya səfirliyinə ünvanlanan məktubda deyilir ki, cənab Hacıyevin həbs olunduğu bu il aprelin 4-dən etibarən həm səfirlik, həm müxtəlif partiyaları təmsil edən almaniyalı siyasətçilər, həm də Almaniyada fəaliyyət göstərən müxtəlif qurumlar onun hüquqlarını müdafiəsində aktiv fəaliyyət göstərir. “Bu günlərdə Almaniyanın İnsan Haqları və Humanitar Yardım üzrə Müvəkkili cənab Markus Löninqin mənə dəstək məqsədi ilə 14 saylı cəzaçəkmə müəssisəsinə gəldiyini, lakin bu görüşün baş tutmadığını öyrəndim. Azərbaycanda demokratik islahatlara verdiyiniz dəstəyə görə həm Sizə, həm də cənab Markus Löninqə təşəkkür edir, dəstəyinizi yüksək qiymətləndirirəm”, - deyə məktubda qeyd edilir.
Gənc fəal Bəxtiyar Haçıyev 2010-cu il parlament seçkilərində deputatlığa namizəd kimi hökumətin siyasətini kəskin tənqid edib. O seçkilərin saxtalaşdırılmasını sübut etmək məqsədi ilə sosial şəbəkələrdə video görüntülər yerləşdirilib. Sonra, hərbi çağırışdan yayınma ittihamı ilə həbs edilib.