“Mən artıq 20 ildən çoxdur Hyustonda yaşayıram, neçə qasırğaya şahid olmuşam, amma hələ beləsini görməmişəm,” deyə ABŞ-ın Hyuston şəhərinin sakini İradə Axundova Amerikanın Səsinə bildirib.
Your browser doesn’t support HTML5
Birləşmiş Ştatların dördüncü ən böyük şəhəri Hyustonun böyük hissəsi və Texas ştatının cənub-şərq əraziləri Harvi qasırğasının səbəb olduğu sellər altındadır.
Hyustondakı vəziyyətlə bağlı orada yaşayan azərbaycanlı Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova öz müşahidələrini Amerikabnın Səsi ilə paylaşıb.
Mən artıq 20 ildən çoxdur Hyustonda yaşayıram, neçə qasırğaya şahid olmuşam, amma hələ beləsini görməmişəm.İradə Axundova
İradə xanım şəhərdə vəziyyətin pis olduğunu və qasırğanın hələ də davam etdiyini deyib. O bu gün yağışın bir az dayandığını, amma buna baxmayaraq, küçələrin su ilə dolduğunu, maşınların isə hərəkət edə bilmədiyini deyib. Onun sözlərinə görə, bir çox insanın evini su basdığı üçün onlar evlərindən didərgin düşüb.
“Gözləyirik, çünki deyirlər yağış hələ davam edəcək”.
İradə xanım deyir ki, yağışların həftənin sonunadək davam edəcəyi bildirilir, lakin qasırğa tez-tez istiqamət dəyişdiyi, bəzən güclənib, bəzən isə yavaşladığı üçün yağışla birlikdə küləyin də olub-olmayacağı hələ ki, məlum deyil.
“Dünən bizim bir azərbaycanlı dostumuzun evi, maşını suyun altında qaldı, yaxşı ki, uşaqlar kömək etdi, onları çıxardılar”.
İradə xanım qasırğanın çox şiddətli olduğunu, insanların evlərini itirdiklərini və evlərindən didərgin düşən insanların məktəblərə sığındıqlarını deyir. Onun dediyinə görə, şəhərdə həyat sanki dayanıb, heç kəs işləmir, mağazalar və məktəblər bağlıdır, bəzi insanlar isə evlərindən çıxa bilmir.
İradə xanım bələdiyyə və ştat rəsmilərindən əlavə qasırğaya məruz qalan insanlara könüllülərin də yardım etdiyini bildirir, Texasın ərazisi böyük olduğu üçün isə digər ştatlardan da yardıma ehtiyac olduğunu deyir.
İradə Axundova Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentidir. Təşkilat 1976-ci ildə ABŞ-ın Hyuston şəhərində yaradılıb. Təşkilatın məqsədi ABŞ-Azərbaycan arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət və təhsil sahələrini genişləndirməkdir.
Vetorlyotlar və qayıqlardan istifadə etməklə, daşqınlara məruz qalan bölgələrdə yüzlərlə xilasetmə əməliyyatı keçirilib. Könüllülər polis, tibb işçiləri və 3 min nəfərdən ibarəd Milli Qvardiya üzvlərinə yardım etməkdə davam edir.
Texas qubernatoru Qreq Abbott Milli Qvardiyadan əlavə 1000 nəfərlik briqada tələb edəcəyini bildirib. Ştatın üçdə bir hissəsini brüyən təbii fəlakət zonalarında fövqəladə vəziyyət elan edilib.