“Ötən gecə etiraz aksiyasını işıqlandıran jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, zorakılıq və pis rəftar görməsi məni çox narahat edir. Bu, xüsusilə qəbuledilməzdir, çünki jurnalistlər bu yaxınlarda keçirilən parlament seçkiləri ilə əlaqədar olaraq ictimai maraq doğuran hadisələri işıqlandırırdılar.” Bunu fevralın 12-də ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir yaydığı bəyanatda bildirib.
Fevralın 11-də Bakıda seçki ilə əlaqədar keçirilən etiraz aksiyası zamanı Amerikanın Səsi, Azadlıq Radiosu və Meydan TV daxil olmaqla, bir sıra müxtəlif media orqanlarında işləyən və ya frilanser kimi fəaliyyət göstərən azı səkkiz jurnalistə qarşı pis rəftar olunub, onlar hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və ya hücuma məruz qalıb.
Harlem Desir Bastainfo.com onlayn portalının redaktoru Mustafa Hacıbəylinin döyüldüyünü, jurnalist Aynur Elgünəşin başından xəsarət aldığını, jurnalist Sevinc Vasifqızının isə üzünün və qolununun zədələndiyini bildirib.
“Mən rəsmiləri bu insidentləri araşdırmağa, cavabdeh olanları məsuliyyətə cəlb etməyə və zorakılıqlara məruz qalanları müvafiq müalicələrlə təmin etməyə çağırıram. Media ictimai hadisələri işıqlandırmaq hüququna malikdir, hüquq-mühafizə orqanlarının da hər zaman jurnalistlərin azad və təhlükəsiz şəkildə hadisələri işıqlandırmaq haqqlarına hörmət edib, qorumaq öhdəliyi var” - deyə, Harlem Desir bildirib.