HƏMAS İsrailə hücumdan həftələr əvvəl keçirdiyi təlimlərin videolarını yayımlayıb

HƏMAS döyüşçüləri İsrailin yüksək texnologiyalı "Dəmir divarını" keçərək, 1200-dən çox israillinin ölümünə səbəb olacaq hücuma başlamazdan bir aydan az bir müddət əvvəl çox açıq şəkildə məşqlər edib.

Sentyabrın 12-də HƏMAS-ın sosial mediada yayımladığı iki dəqiqəlik təbliğat məqsədli videoda döyüşçülərinin partlayıcıdan istifadə edərək, maket sərhəd qapısını partlatdıqları, sonra isə yük maşınları ilə genişmiqyaslı hücuma keçdikləri, İsrail şəhərini, insanların kağızdan düzəldilmiş siluetlərini avtomatik silahlardan atəşə tutduqları nümayiş etdirilib.

İslamçı silahlı qruplaşmanın "Möhkəm sütun" adlı canlı atəş təlimində həmçinin zirehli geyimdəki döyüşçülərin keçən şənbə günü real ölümcül hücumda olduğu kimi, beton qüllələrin maketlərini və rabitə antenalarını məhv etdikləri göstərilib.

ABŞ ordusunun keçmiş zabiti, hazırda Vaşinqtonda qərargahlanan tədqiqat institutu olan Demokratiyaların Müdafiəsi Fondunun Hərbi və Siyasi Qüvvələr Mərkəzinin baş direktoru Bredli Bouman "Açıq şəkildə nəzərə alınmalı olan xəbərdarlıqlar və görüntülər var idi. Bəlkə də onlar götürülüb, lakin bu dəhşətli terror aktlarının qarşısını almaq üçün lazımi hazırlıqlara səbəb olmayıb" deyib.

Associated Press agentliyi HƏMAS-ın, xüsusilə Telegram sosial media tətbiqi vasitəsilə son bir ildə yyımladığı onlarla videonun əsas detallarını araşdırıb və təsdiq edib.

Associated Press peyk görüntülərindən istifadə edərək, şəhərin maketinin Qəzza Zolağının cənub sahilində, fələstinlilərin Əl-Məvasi şəhəri yaxınlığındakı səhrada qurulduğunu müəyyən edib. Darvazada üzərində ivrit və ərəb dillərində "Horeş Yaron" yazılmış böyük bir lövhə olub ki, bu, işğal altındakı Fələstinin İordan çayının Qərb sahilindəki mübahisəli İsrail qəsəbəsinin adıdır.

Keçən il dekabrın 28-də keçirilən "Möhkəm sütun" təliminin Telegram kanalında yayımlanan başqa bir videosunda HƏMAS döyüşçülərinin qülləsindən İsrail bayrağı dalğalanan bir tankın tam ölçülü modeli ilə yanaşı, İsrail hərbi bazası kimi görünən obyektə hücumu nümayiş etdirilib. Videoda silahlıların binaların arasından keçərək, İsrail əsgərləri rolunu oynayan digər kişiləri girov götürdüyünü də görmək olub.

Beləliklə, şənbə günü səhər tezdən HƏMAS döyüşçüləri bir neçə dəqiqə ərzində Netanyahunun divarını aşa bilib. Onlar bunu nisbətən daha asan - partlayıcılardan istifadə edərək, divarda dəliklər açıb və sonra motosikletlər və yük maşınlarının keçməsi üçün həmin dəlikləri buldozerlərlə genişləndirib. Kameralar və rabitə vasitələri əl qumbaraları və mərmilərı atmaq üçün uyğunlaşdırılmış kommersiya pilotsuz təyyarələri tərəfindən bombardman edilib. Bu, birbaşa Ukraynanın döyüş meydanlarından götürülmüş bir taktikadır.