HƏMAS dekabrın 20-da lideri İsmayıl Haniyənin Misir rəsmiləri ilə Qəzzadakı müharibəni müzakirə etmək üçün Qahirədə olduğunu bildirib.
Misir noyabrın sonunda 100-dən çox girovu azad edən silahlı qruplaşmanın sonuncu bir həftəlik atəşkəs də daxil olmaqla, əvvəllər də HƏMAS-la İsrail arasında vasitəçi rolunu oynayıb.
İndiyədək HƏMAS-ın daha çox girovu azad etməsi üçün döyüşlərdə yeni fasilə ilə bağlı danışıqlar aparılsa da, tərəflər razılığa gəlməyib.
İsrail prezidenti İsaak Hersoq çərşənbə axşamı beynəlxalq diplomatların toplantısında deyib ki, İsrail girovlarının azad edilməsi müqabilində növbəti humanitar fasiləyə hazırdır. O, həmçinin bildirib ki, İsrail Fələstin xalqı ilə deyil, yalnız HƏMAS-la döyüşür.
Çərşənbə günü Qəzzada döyüşlər davam edib. İsrail ordusu keçən gün ərzində 300-dən çox hədəfə hücum etdiyini bildirib.
Çərşənbə günü həmçinin BMT Təhlükəsizlik Şurasında ərzaq, su və dərmana ciddi ehtiyacı olan Qəzzaya genişmiqyaslı yardımın çatdırılmasını asanlaşdırmaq üçün döyüşlərin dayandırılmasını tələb edən qətnamə ilə bağlı növbəti səsvermə keçirilib.
Səsvermə bazar ertəsi gözlənilirdi. Lakin layihəni hazırlayan Birləşmiş Ərəb Əmirliklərinin qətnaməyə dəstək üçün danışıqlar apardığı üçün səsvermə iki dəfə təxirə salınıb.
Amerikanın Səsinin əldə etdiyi qətmanənin indiki halda olan layihəsində "Qəzza zolağının bütün fələstinli mülki əhalisinə humanitar yardımın dərhal, təhlükəsiz və maneəsiz çatdırılmasına icazə verilməsi, asanlaşdırılması və birbaşa marşrutlarla təmin edilməsi" tələb olunur. Layihə həmçinin yardımın təhlükəsiz və maneəsiz daxil olması üçün "hərbi əməliyyatların təcili dayandırılmasına" çağırır.
Mətn həmçinin Qəzzaya çoxsaylı giriş nöqtələri vasitəsilə yardım göndərilməsinin humanitar xarakterini təsdiqləmək üçün BMT-nin monitorinq mexanizminə icazə verir.
Humanitar atəşkəsə çağıran qətnamənin Şurada qəbul edilməsi cəhdi dekabrın 8-də ABŞ-ın veto hüququndan istifadə etməsi səbəbindən uğursuzluğa düçar oldu.
Səsvermə çərşənbə axşamı səhərdən günortaya qədər təxirə salındığı üçün ABŞ-ın BMT səfirinin müavini Bob Vud jurnalistlərə "biz hələ də bunun üzərində işləyirik" deyib.
Səsvermə çərşənbə gününə qədər təxirə salınıb.