HƏMAS girovlarla bağlı atəşkəsə yaxınlaşıldığını deyir

HƏMAS-ın başçısı İsmayıl Haniyə deyib ki, İsraillə girovlarla bağlı atəşkəs razılaşması "yaxındır", belə ki, oktyabrın əvvəlində militant qrupun İsrailə ölümcül hücumuna cavab olaraq İsrail Qəzzaya hücumlarını davam etdirir. İsrail hələlik bununla bağlı şərh verməyib.

Reuters xəbər agentliyinin məlumatına görə, Haniyə verdiyi açıqlamasında deyib ki, danışıqların mərkəzində atəşkəsin müddəti, Qəzzaya yardımın çatdırılması üçün tənzimləmələr və İsraildəki fələstinli məhbuslarla girovların dəyişdirilməsi məsələləri olub.

Oktyabrın 7-də HƏMAS döyüşçüləri İsrailin cənubuna keçdikdən sonra İsrail qrupu məhv etmək üçün hərbi kampaniyaya başlayıb. İsrail terror hücumunda 1200 nəfərin öldüyünü və 240-a yaxın insanın əsir götürüldüyünü bildirib. Qəzza səhiyyə rəsmiləri İsrailin Qəzza zolağına hərbi hücumu zamanı 5 mini uşaq olmaqla, 13 mindən çox fələstinlinin öldürüldüyünü təsdiqləyib.

HƏMAS cəmi dörd girovu azad edib. İsrail bir nəfəri xilas edib və müharibə başlayandan bəri Qəzzadakı Şifa xəstəxanası yaxınlığında iki israilli girovun cəsədini tapıb. Şifa xəstəxanası İsrailin HƏMAS militantlarına qarşı axtarış-məhv missiyasının diqqət mərkəzində olub.

ABŞ prezidenti Co Bayden bazar ertəsi jurnalistlərə deyib ki, girovların azad edilməsi ilə bağlı razılaşmanın tezliklə əldə olunacağına inanır. Lakin o, bununla bağlı əlavə şərh verməkdən imtina edib.

ABŞ-ın verdiyi son xəbərlərdə HƏMAS-ın girov saxladığı təxmin edilən 240 nəfərdən əsasən qadın və uşaqlar olmaqla, 50-yə yaxınının İsrailə qaytarıla biləcəyi bildirilsə də, lakin İsrail tərəfindən saxlanılan fələstinli məhbusların sayı və neçəsinin azad ediləcəyi bəlli deyil.

Hadisələr İsrailin ABŞ-dakı səfiri Maykl Hersoqun ABC telekanalının "Bu həftə" verilişinə verdiyi açıqlamadan iki gün sonra baş verib. O, "beş gün davam edən qısa fasilə zamanı [HƏMAS tərəfindən saxlanılan] xeyli sayda girovu azad edə biləcəyimizə ümid edirik" deyib.

Hersoq atəşkəsdən sonra mübarizəni dayandırmaqdan imtina edərək, İsrailin fasilə bitdikdən sonra HƏMAS hədəflərinə hücumunu bərpa etməyi planlaşdırdığına işarə edib.

Associated Press agentliyi xəbər verir ki, İsrail əsgərləri militantlara qarşı döyüşüri Qəzzanın şimalında, şəhərin qaçqın düşərgəsində davam etdirir.