BMT-nin baş katibi Ban Gi Mun Metyu qasırğasının Haitini acınacaqlı vəziyyətə saldığını deyib.
Baş katib Haitinin cənub sahillərinə səfər edərək müvəqqəti sığınacaqlarda qalan insanlarla görüşüb.
“Mən evsiz qalan insanlar, hamilə qadınlar və xəstələrlə görüşdüm. Vəziyyət olduqca ağırdır”-deyə Ban Gi Mun bildirib.
Qasırğa əksəriyyəti Haitidə olmaqla 1000-ə yaxın insanın həyatına son qoyub.
Güclü yağış və küləklə müşayiət edilən fəlakət Dominikan Respublikası, Camayka, Kuba və Baham adalarında yerli icmalara və təsərrüfata ciddi ziyan vurub. 175 min insan evsiz qalıb.
BMT-nin baş katibi qasırğadan sonra sürətlə yayılan vəba xəstəliyi ilə mübarizə üçün xüsusi fond yaradılacağını da bildirib.
Günlərdir aclıq və xəstəliklərlə mübarizə aparan haitililər BMT-nin yardım karvanını talan edib.