Habad Pouey sinaqoquna terror hücumu olub

Bazar günü San Dieqoda Habad Pouey sinaqoqunda bir qadının ölümünə, digər iki nəfərin yaralanmasına səbəb olan terror hücumu barədə danışan ravvin Yisroel Qoldstein iztirab, kədər və ürək ağrısını saxlaya bilməyib.

Ravvin deyir ki, ən ağrılı an hər kəs tərəfindən sevilən 60 yaşlı sinaqoq üzvü Lori Keyin cəsədini yerdə görmək olub.

“Mən Lorini yerdə huşsuz vəziyyətdə uzandığını gördüm və mənə qardaş kimi olan onun həyat yoldaşı Hovard Key onu özünə gətirməyə çalışırdı və ondan sonra Hovard özündən gedir və yoldaşının yanında yerə yıxılır. Daha sonra isə onların qızları Hanna onları görür və `ata, ana nə baş verir?`- deyə, çığırır. Bu, mənim gördüyüm ən dəhşətli an idi” deyə yaralı ravvin Yisroel Qoldstein bildirib.

Key haqda danışarkən ravvin onu irqindən və dinindən asılı olmayaraq, ehtiyacı olan hər kəsə kömək edən, böyük sevgiyə malik bir şəxs kimi anıb.

Qoldstein deyib ki, prezident Donald Tramp bazar günü ona zəng edib və onunla 15 dəqiqə söhbət edib, başsağlığı verib.

Ağ Evin Trampın zəngi barədə açıqladığı bəyanatda deyilir ki, Tramp yəhudi və Pouey icmasına öz sevgisini bildirib.

“Onun sözləri mənə təsəlli verdi” - deyə, Qoldstein bildirib.

Ravvin cümə günü Şəbbatın başlanması günü axşam həmrəylik nümayiş etdirmək üçün və terrorizmin heç bir vaxt qələbə çalmayacağının rəmzi olaraq bütün yəhudiləri sinaqoqa dəvət edib.