Pambıq istehsalında uyğurların məcburi əməyindən istifadəsi ilə bağlı narahatlığını ifadə etdikdən sonra Çində boykot edilən qlobal moda pərakəndə satış şirkəti H&M dünyanın ən güclü bazarlarından birində müştərilərini yenidən qazanmağa söz verib.
"Çin bizim üçün çox vacib bir bazardır və ölkəyə olan uzunmüddətli öhdəliyimiz güclü olaraq qalır. İndi irəliyə doğru gedəcək strategiyalar hazırlayırıq və material tədarükü ilə əlaqədar növbəti addımlar üzərində işləyirik" - deyə, H&M bildirib.
Şirkətin çərşənbə günü açıqladığı bəyanatında "Çindəki müştərilərimizin, həmkarlarımızın və iş ortaqlarımızın etibarını və inamını yenidən qazanmağa çalışırıq" deyilib.
Çin H&M şirkətinin Almaniya, ABŞ və Britaniyadan sonra dördüncü ən böyük bazarıdır və 2020-ci ilin gəlirlərinin təxminən 6% ölkənin payına düşür.
Təhlilçilərin Amerikanın Səsinin Mandarin şöbəsinə dediklərinə görə, Pekinin təbliğat aparatının sayəsində baş tutan bu boykot tez bir zamanda sona çatacaq.
H&M şirkəti 2020-ci ilin sentyabr ayında Sincandakı pambıq istehsalında məcburi əmək iddiaları ilə bağlı narahatlıqları ilə bağlı açıqlama vermişdi.
"Biz SUAR-da yerləşən hər hansı geyim istehsal edən fabriklə işləmirik və bu bölgədən məhsul almırıq", açıqlamada bildirilib. SUAR deyərkən şirkət uyğurlar və digər müsəlman azlıqların yaşadığı Çinin Sincan Uyğur Muxtar Regionunu nəzərdə tutub.
İsveçin pərakəndə satış şirkəti bu addımı tək atmamışdı. Bir neçə ay əvvəl, iyul ayında 175-dən çox təşkilat beynəlxalq markaların Uyğur əməyindən məcburi istifadə etdikləri iddia edilən müəssisələrlə əlaqələrini kəsməklə bağlı kampaniyaya başlamışdı.
Qrupun veb səhifəsində Çindən alınan pambığın 84%-nin uyğurların yaşadığı Sincandan gəldiyi üçün dünya miqyasında satılan hər beş geyimdən birinin “məcburi əmək” səyasində istehsal edildiyi bildirilirdi. "Faktiki olaraq bütün geyim sənayesi ləkəlidir" - deyə, açıqlamada bildirilmişdi.
Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Çinin elektron ticarət nəhəngləri Alibaba və JD H&M-i onlayn platformalarından kənarlaşdırıb. Çində alış-verişlərinin beşdə birindən çoxunun onlayn vasitəsi ilə həyata keçirildiyi nəzərə alınarsa, bu şirkət üçün böyük bir zərbədir.
Çinə qarşı məcburi əməklə bağlı reaksiyalar dünyanın ən böyük və ən sürətli böyüyən bazarlarından birinə giriş imkanı əldə etmək istəyən Nike, Adidas, Burberry, Uniqlo və Lacoste kimi şirkətləri də əhatə edib.
Çinin onlarla məşhuru H&M və digər Qərb şirkətləri ilə bağladıqları reklam müqavilələri ləğv edib.