Gəncədə iki polis zabiti öldürüldü [Video]

40 nəfərdən çox adam saxlanılıb

İyulun 10-da axşam saatlarında Gəncədə baş verən hadisə zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb.

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, iyulun 10-da Bakı vaxtı ilə saat 20 radələrində 150-200 nəfərdən ibarət "radikal dini yönümlü bir qrup şəxs" Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstərib.

“Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib,” məlumatda qeyd edilir.

Birgə məlumata görə, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülüb.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Bu gün baş verənlər iyulun 3-də Gəncə şəhər İcra Hakimiyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən sonraya təsadüf edir. Sui-qəsdə cəhd zamanı Elmar Vəliyev və onun yanında olan polis əməkdaşı ciddi xəsarət alıb.

Sui-qəsdə cəhd edən Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı Yunis Səfərov həbs edilib.

Elmar Vəliyev

Elmar Vəliyevə sui-qəsdlə əlaqədar ümumilikdə 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən APA agentliyinə verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.

Saxlanılanların 7 nəfəri Gəncə şəhər, 1 nəfəri Bakı şəhər, 1 nəfəri Tərtər, 1 nəfəri Yevlax, 1 nəfəri isə Neftçala rayon sakinidir.