Gəncə şəhəri raket atəşinə məruz qalıb

Azərbaycanın ikinci böyük şəhəri Gəncə şəhəri raket atəşinə məruz qalıb.

Gəncə şəhər sakini Amerikanın Səsinə şəhərə mərmilərin düşdüyünü təsdiq edib. Onun sözlərinə görə, yaralananlar var. Mülki obyektlərə və yaşayış evlərinə ziyan dəyib.

“Şəhərimizə bir neçə mərmi düşdü. Mərmilərin düşdüyü yer evimizdən bir neçə kilometr aralı olsa da bizim də evlərimiz silkələndi,” sakin Amerikanın Səsinə deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində bildirilib ki, Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 kilometr aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində bir mülki şəxs həlak olub, dörd nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib.

Ermənistan rəhbərliyi atəşin Ermənistan ərazisindən qaynaqlandığını inkar edir. Rəsmi Yerevan Dağlıq Qarabağdan qaynaqlanan hücumun Xankəndinin və digər qəsəbələrin bombardman edilməsinə cavab olduğununu bildirib.

Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistana xəbərdarlıq edib.

“Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir,” nazir qeyd edib.

Gəncə şəhəri raket atəşinə məruz qalıb

Ermənistan rəsmiləri atəşin Ermənistan ərazisindən qaynaqlandığını rədd edib.

"Ermənistan Müdafiə Nazirliyi rəsmən bəyan edir ki, Azərbaycan istiqamətində heç bir atəş Ermənistan ərazisindən açılmır," Şuşan Stepanyan Twitterdə yazıb.

Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun dediklərinə cavabda Ermənistan Müdafiə Naziri Davit Tonoyan Azərbyacanı Vardenis rayonunu "ağır artilleriyadan və dronlardan" atəşə tutmaqda ittiham edib.

"Stepanakert, Hadrut, Martakert, Martuni və digər yaşayış məntəqələri raket və artilleriya hücumları üçün məqbul hədəfl olduqca, Müdafiə Ordusunun bacarıqlı bölmələri çevik cavab verirlər: Azərbaycan üçün fəsadlar dəhşətli olacaq - dəhşətli," Tanoyan deyib.

Ermənistan tərəfi Gəncə şəhərində hərbi aeroportun məhv edildiyini iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi Yerevanın Azərbaycanın hərbi obyektlərinə artilleriya zərbələri endirməsi, hərbi təyyarələrini, helikopterlərini vurması, Gəncə aeroportunun dağıdılması ilə bağlı yaydığı məlumatları təkzib edib. Raket zərbəsinin Gəncədə mülki əhalinin sıx yaşadığı ərazilərə endirildiyini bildirib.

Azərbaycanın hərbi obyektlərinə zərbə endirilməsi barədə göstərişi Dağlıq Qarabağın erməni icmasının lideri Araik Arutunyan verdiyini deyib.

Erməni tərəfi hücumun Xankəndinin bombalanmasına cavab olduğunu bildirir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bazar günü, oktyabrın 4-də keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan ərazilərinin `qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Araik Arutunyan tərəfindən verilməsi tam yalandır`.

“Azərbaycan ərazilərinə raket zərbələri Ermənistanın Cermux və Vardenis şəhərləri yaxınlığındakı hərbi bazalardan endirilib. Raketin atılması və hərəkət trayektoriyası peyk texnologiyaları vasitəsi ilə müəyyən edilib beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Araik Arutunyan guya ön xəttdə olması barədə yaydığı məlumat da tam yalandır. Araik Arutunyan bunkerdə gizlənmişdi və Azərbaycanın dəqiq atəşi nəticəsində ağır yaralanıb,” o qeyd edib.

Hacıyev bildirib ki, Azərbaycanın mülki əhalisini hədəf alan və Dağlıq Qarabağda yerləşən hərbi obyektlər məhv edilib. Bu istiqamətdə hərbi zərbələr davam etdirlir.

Prezidentin köməkçisi deyib ki, Ermənistan tərəfinin Azərbaycanın Xankəndində mülki əhaliyə atəş açması və yanğın olması barədə məlumatlar yalandır.

“Azərbaycan yalnız hərbi obyektlərə dəqiq zərbələr endirir.”

Hikmət Hacıyev

Hacıyev Gəncə şəhərinin Smerç və U tipli raket komplekslərindən vurulduğunu bildirib. Onun sözlərinə görə, raketlərdən biri partlamayıb və kasetli başlığı var. Hansı ki, beynəlxalq qurumlar bu bombalardan istifadəyə qadağa qoyub.

Azərbaycanın ikinci böyük şəhəri Gəncə paytaxt Bakı şəhərindən 375 kilometr qərbdə yerləşir. 2020-ci ilin məlumatına görə, şəhərin 325,6 min nəfər əhalisi var. Şəhər regionun ticarət, elm və iqtisadi mərkəzidir. Ətraf rayonlardan və regionlardan şəhərə hər gün yüz minləlrə insan gəlir.